Elçin Alıoğlunun

Ölkə bəla ilə mübarizə aparır: məmurlar dürüst işləməli, vicdansızlıq və yalançılıq etməməlidir

Koronavirus pandemiyasının səngidiyini, vəziyyətin normallaşdığını, artıq heç bir problemin qalmadığını düşünənlər var. Hətta “koronavirus yoxdur, yalandır, uydurmadır” söyləyənlər də fikirlərində qətidir.

COVİD-19 koronavirusunun bəşər övladının indiyədək üzləşdiyi ən ağır, ən təhlükəli bəlalardan biri olduğunu sübut etməyə lüzum yoxdur.

“Koronavirus yoxdur” deyən, sosial izolyasiya qaydalarına əsla riayət etməyən, ictimai məkanlara maskasız gedənlər çox təhlükəlidir indi.

Onlar öz həyatları ilə bahəm, onlarla, yüzlərlə insanın sağlamlığını və yaşamını ölümcül riskə atırlar.

Azərbaycanda koronavrus pandemiyasına qarşı dövlət səviyyəsində ən aktiv mübarizə aparılır. Bir sıra ölkələrdən fərqli olaraq, trivial problemlər yaşanmadı ölkədə. Tibbi maska və antiseptik-dezinfektantlar istehsalının ən qısa müddətdə geniqmiqyaslı gerçəkləşdirilməsi, karantin üçün xüsusi hazırlanmış məkanların ayrılması və sonucda modul hospitalların istifadəyə verilməsindən tutmuş, vətəndaşlarla şirkətlərə böyük yardım proqramlarının reallaşdırılması görülən işlərin sadəcə, bir qismidir.

Bütün bunlarla rəğmən, vətəndaşlardan məsuliyyət və intizam tələb olunur. Fəqət, görünər budur ki, karantin rejiminin qaydalarına əməl olunmasına nəzarət mexanizmlərinin gücləndirilməsinə ciddi ehtiyac var.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı Azərbaycanda görülən və habelə, görülməsi planlaşdırılan işləri təqdir etsə də, rahatlaşmaq, problemin həll olunduğunu düşünmək hələ çox tezdir.

Karantin rejiminin şərtlərinin yumşalması və sonradan onun, ümumiyyəitlə aradan qaldırılması qaçılmazdır. Həmin vaxta qədər vətəndaşların səhhəti və sağlamlıqlarının qorunması ən vacib məsələlər arasındadır.

Həmin vaxta qədərsə ölkə sakinləri maksimal dərəcədə məsuliyyətli, diqqətli və intizamlı olmalı, qaydaları pozmamalı, özlərini və yaxınlarını qorumalıdır.

Bəladan mümkün qədər az itki ilə çıxmağın şərti budur.

Koronavirusa lokal miqyasda, ölkədə qalib gələcəyik. Mütləq. Doğrudur, artıq neçə aydır ki, COVİD-19 pandemiyası bütün dünya üçün problemdir. Məhz bu səbəbdən yoluxmaların miqyası və statistikası ilə bağlı situasiyanı nəzarətdə saxlamağın özü artıq ciddi nailiyyətdir.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin göstərişləri, qərarları və mövqeyi bu prosesdə müstəsna rol oynayıb. Eyni zamanda, cəmiyyətdəki həmrəylik, yardımlaşma da ciddi uğurdur. İndiki şəraitdə ən yüksək səviyyədə olan həmrəyliyin bundan sonra da qalması, koronavirusa qarşı mübarizədə cəmiyyətin topyekun birliyinin dayanıqlı olması da şərtdir.

Ölkədəki maliyyə-iqtisadi duruma gəldikdə isə, ili yaxşı başa vuracaqdıq. Bütün göstəricilər, hesablamalar, qeyri-neft sektorundakı situasiya, ixrac və idxalın ümumi saldosu, vergi yığımındakı durum – bir sözlə, statistika yaxşı idi.

İlin əvvəlindən bəri olan durum göstərir ki, ölkə iqtisadiyyatı 0,2 faiz inkişaf edib. Təbii, kiçik rəqəmdir, hətta şərti inkişaf da sayıla bilər.

Amma uğur odur ki, koronavirus pandemiyasının dünyanın ən güclü iqtisadiyyatlarını iflic duruma saldığı, inkişaf etmiş dövlətlərdə on milyonlarla insanı işsiz qoyduğu bir dönəmdə Azərbaycan iqtisadiyyatı geriləməyib.

Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna gəldikdə isə, bu sahədə sənaye məhsulu istehsalının inkişaf həcmi 15 faiz təşkil edir.

Bu ilin yanvar-aprel aylarında da Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 3% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

“Bu isə bizim müəyyən etdiyimiz hədəfdən aşağıdır və ilin sonuna qədər də bu cür qalacağını gözləyirik”, – deyə o, qeyd edib.

Bundan başqa, baş bankir deyib ki, rəhbərlik etdiyi qurum iqtisadiyyatın müxtəlif sahələrinə dəstək istiqamətində balanslı mövqe tutmağa çalışır: “Son 1 ildə Azərbaycanda kredit portfeli 1,9% artıb. Biznes kreditləri üzrə 4,1% artım, istehlak kreditləri üzrə bu qədər azalma, o cümlədən ipoteka kreditlərində isə 5,2% artım müşahidə edilib”.

Azərbaycanıni valyuta ehtiyatları da azalır və buna görə də iqtisadiyyatdakı fəsadların aradan qaldırılması, iş yerlərinin bərpasına zaman gərəkdir.

İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə biz bütövlükdə 3,5 milyard manat vəsait ayırmışıq və nə qədər lazımdırsa, o qədər də ayıracağıq. Ona görə dövlət bu işləri görür, bütün təşkilati məsələləri uğurla həyata keçirir.

Prezident İlham Əliyev də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında bunu deyib: “Məhz sənayeləşmə, yeni sənaye müəssisələrinin yaradılması, o cümlədən Sumqayıt şəhərində buna imkan verir. Ancaq hər kəs bilməlidir ki, bizim valyuta ehtiyatlarımız azalıb. İqtisadiyyatı yenidən canlandırmaq, iş yerlərini bərpa etmək üçün vaxt lazım olacaq. Ona görə biz indi 90 min ictimai ödənişli iş yeri yaradırıq, 80 min ailə dövlətdən sosial yardım alır, özünüməşğulluq proqramı çərçivəsində 12 min ailəyə lazım olan vasitələr verilir. Bütün bunları biz edirik ki, işsizlik artmasın. Ancaq bütün ölkələrdə işsizlik artıbdır, ən inkişaf etmiş ölkələrdə sürətlə artıb. Yəqin indi rəqəmlər göstərəcək ki, bizdə də artıb. Ona görə bizim bundan sonra əsas vəzifəmiz koronavirusla bağlı vəziyyəti həm nəzarətdə saxlamaqdır və həm də artıq pandemiyadan çıxmağı planlaşdırmaqdır ki, bu çıxış həm hamar, həm səmərəli olsun və biz iqtisadi fəallığı maksimum qısa müddət ərzində bərpa edə bilək. Ona görə indi bütün dövlət, hökumət qurumları bu üç istiqamətdə təkliflər hazırlayırlar. Hesab edirəm ki, biz buna da nail olacağıq”.

“Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm” – bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

“Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”, – dövlət başçısı əlavə edib.

Ölkə koronavirus bəlası ilə mübarizə aparır.

Bu mübarizədə hamımız ön cəbhədəyik.

Bunu unutmayaq…

Şərh əlavə et