Elçin Alıoğlunun

Müxalifət ölmək istəmirsə, dəyişməlidir

Azərbaycandakı indiki müxalifət əvvəlki nəslin hökmranlığı altında olduğundan tamamilə zəif və prinsipsizdir. Radikallaşmış müxalifət düşərgəsindəki lümpenlər üçün dəstəklədikləri, inandıqları və lider kimi qəbul etdikləri insanın intellekti, mənəviyyatı və s. önəmli deyil. Əsas vacib sayılan məqam həmin şəxsin hakimiyyətə qarşı kəskin mövqe tutmasıdır. Aşkar düşmənçilik edərsə, lümpenlər lap sevinir.

Onların bütün etirazları, sosial şəbəkələrdəki fəaliyyəti, qəzəbləri, sevinc və kədərləri tamamən neqativ gündəmə köklənib. Bu adamlar gələcəyin obrazını formalaşdırmağa can atmırlar. Daha dəqiq desəm, onların protestləri bütünlüklə nifrət, qəzəb və paxıllıq üzərində qurulub.

Ölkə prezidentinə və hakimiyyətə nifrət. Çünki bu adamları görmədilər, saya salmadılar, hakimiyyətə almadılar, yaxşı yaşamlarını təmin etmədilər.

“Müxalifət liderləri” adlanan bu yığnaq illərdən bəri arzuladıqları, həsrətlə göz dikdikləri vəzifələrdə olan bütün adamlara paxıllıq edirlər.

“Lider”lər arasında müxalifət düşərgəsində ömür keçirib qocalanlar da var, sabiq deputatlar da, nazirlər də. Mədain xərabələriniə dönmüş müxalifətdə ruhu və canları çıxmaqda olanlar hesabdan deyil: həmin şəxsləri zaman dəyişməyibsə, hadisələrin gedişatı, müasir dünya siyasətinin tələbləri və çağırışları heç dəyişə bilməz.

Sabiq deputatlar və nazirlər əvvəllər söydükləri, nifrət etdikləri, aşağıladıqları, bəyənmədikləri müxalifətə yollanandan sonra qəflətən demokratiya, insan haqları, vətəndaş cəmiyyəti və s. ilə bağlı prinsiplərin qətiyyətli müdafiəçilərinə, mübariz adamlara döndüklərinə bizləri inandırmağa çalışırlar.

Mimikriya və maska dəyişikliyi vasitəsilə artıq başqa adam olduqlarını nümayiş etdirməyə can atan bu binəvalar cəhdlərinə rəğmən, daim yad, şübhəli element olaraq qalacaqlar.

Radikal müxalifətin aborigen liderlərinə belələrinin yalnız pulu gərəkdir: o pullar ki, həmin çoxsimalılar hakimiyyət düşərgəsində olarkən rüşvət, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətləri törətməklə yığıblar. İndi həmin pullardan “müxalifət ağsaqqalları” bəhrələnmək istəyirlər və bəhrələnirlər də.

Sərdar Cəlaloğlu, Pəpah Hüseyn, Arif Hacılı, İlqar Məmmədov, İsa Qəmbər, Eldar Namazov, Cəmil Həsənli və digərləri – onların hamısında çılğınlıq məntiqi, yalan reallığı, emosiyalar isə əqidəni əvəzləyir.

Onların ötən əsrdə ilişib qalan siyasi mübarizə metodlarını çözmək çox asan olduğundan artıq 26 ildir ki, Azərbaycanda müxalifət iflic durumdadır.

Səbəb bəsitdir: şablon düşüncəyə köklənən beyində təhlilə yer olmur.

Bu adamlar “Azadlıq! İstefa! Sonadək irəli!” desələr də, bir-birləri ilə mübarizə aparır, intriqaları sıralayır, şans düşəndə isə hakimiyyətlə çox rahatlıqla kuluar danışıqlarına gedirlər. İmkan olanda da müttəfiq və tərəfdaşlarından hakimiyyət mənsublarına donoslar yollayırlar.

AXCP sədri, həm də bloqer, habelə sabiq komsomol katibi Əli Kərimlinin mübarizə ilə bağlı refleksiyalarının kökündə də müxalifət düşərgəsində yarıtmaz saydığı insanlarla bir nəticə hasil olunmayacağının anlamı durur.

Sadalanan səbəblərdən də radikal müxalifət düşərgəsi parçalanıb, qruplara bölünüb, tabanlaşıb. Əli Kərimli REAL adlı siyasi dərnəyin sədri İlqar Məmmədovun mentor tonuna və psevdointellektual davranışına rişxənd edir, Məmmədov əyalət düşüncəli Arif Hacılını bəyənmir, onların hamısı Gültəkin Hacıyevanın xırda burjualığına və primitiv meşanlığına gülür, Hacıyeva “mübarizə tərəfdaşlarım” dediyi adamların əksəriyyətini imbesil sayır.

Belə müxalifətlə intellektual diskussiyalar, normal müzakirələr alınmır və əslində, tam mənasızdır. Nədən ki, müxalifət düşərgəsindəki “lider”lərin istisnasız olaraq hamısı üçün hakimiyyətlə güya mübarizədəki fəallıq sadəcə, biznesdir, pul qazanmaq və sosial özünütəsdiq vasitəsi, həmçinin xaricə yollanıb AŞPA və ATƏT-dəki kiçik otaqlarda taledən şikayətlənmək, hərdənbir də Bakı küçələrinə çıxıb aksiyafason nə isə etmək imkanlarıdır.

Onların hamısı kənardan maliyyələşir və bu pul axını zəifləyəndə “mətin mübariz”lərin aktivlik səviyyəsi də aşağı düşür. Hakimiyyət mənsubları ilə gizli danışıqlar nəticəsində sosial lift imkanı yarananda isə ən qatı passionarlar belə, iqtidarı dəstəkləməyə başlayırlar.

Əslinə baxsaq, bütün ölkələrdə belədir. Qlobal təmayül göstərir ki, artıq müxalifətdə məntiq yerini siyasi texnologiyalara verməyə başlayıb.

Azərbaycandakı müxalifətdə gələcəyin reseptlərini aramağa dəyməz.  Bu düşərgədəki insanlar qurub-yaratmağın yox, dağıtmağın fiqurantlarıdır.

Səbəblər çox olsa da, onların arasında əsas yeri anlamaq dərdi tutur. Müxalifətdəki partiyaların, hərəkatların, birliklərin, dərnəklərin rəhbərləri nələrin baş verdiyini anlamadıqları, daha dürüst olsaq, anlaya bilmədikləri üçün acı çəkir, qeyzlənir, hiddətlənir və aqressivləşirlər. Məğlubiyyət ağrısı və onillərdən bəri yerdə saymağın dərdi onlarda müxalifətin özünün natamam sistem, işləməyən mexanizm olması qətiyyəti yaradıb.

Məhz bu səbəbdən xarici ölkələrə sığınaraq özlərini “müstəqil bloqer” və “jurnalist” adlandıran iaşə müxalifətinə tam dəstək verən yerli radikal lidərlər əslində qaraguruhun güclənməsinə xidmət edirlər. Hakimiyyətə yox, xalqa və dövlətə qarşı mövqe tutmuş bu antidövlət elementlərini təqdir edən, onların YouTube kanallarında sürəkli boy göstərən, Skype vasitəsilə söyüş və marazmatik təhdid kampaniyalarına qatılaraq həmin degenaratları daha da vəcdə gətirənlər o adamların yanındadır və yanlarında da o adamları görürlər.

Birlikdədir bunlar.

Rafael Piriyev, Vidadi İsgəndərli, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Sevinc Osmanqızı, Tural Sadıqlı və digər, adlarını sadalamağa zərurət görmədiyim elementlərlə yanaşı olmağı siyasi mübarizə vasitəsi sayanlar əslində dövlətliyə, qanuna, qaydalara qarşı çıxanları dəstəkləyirlər.

Belələrinə qarşı səbatlı, düşünülmüş, məntiqli vətəndaş platformasından çıxış etməliyiik. Tərifə, təbliğə və təşviqə varmadan, hər şeyi və hər kəsi öz adı ilə çağıraraq, əyriyə əyri, düzə də düz deyərək.

Hakimiyyət güclüdür – 26 il müxalifət səngərində yatanları mübarizəyə dəvət edir də hətta. Amma onlar qorxaqdırlar, Yalıncıq kimi davranırlar və arxadan zərbə vuran Qaloş misalıdır bu siyasi qaloşunu geyinsələr də, yeriyə bilməyən adamlar.

Hər bir vətəndaşın şüuru, istəyi və mövqeyi uğrunda mübarizə gedir. Biz, sadəcə təriflə məşğul olmağa davam edəcəyiksə, ölkənin satdığı neftin litrlərindən, tikilən binaların sahələrindən, salınan yolların uzunluğundan danışıb vətəndaşa qalstuklu, ütülü, cümlələrlə xitab etməkdə olacağıqsa, o vətəndaş mütləq siyasət oyunbazlarını dinləməyə başlayacaq. Necə ki, dinləyir.

Prezident vətəndaşlarla sürəkli görüşür, hər kəsi dinləyir və ölkədə baş verənlərdən birinci əldən agah olur. Dövlət-vətəndaş münasibətlərinin bu səmimiyyət formatı, yeni sosial-mənəvi doktrinanı isə bəziləri elə başa düşür ki, dövlətdən və prezidentdən hər şeyi, özü də dərhal yerinə yetirilmək şərtilə tələb etmək olar.

Sosial şəbəkələrdə formalaşmış çox eybəcər virtual mühiti dəyişmək, vətəndaşın dövlətdən sürəkli tələbləri ilə bahəm, onun da dövlət qarşısında öhdəliklərinin olduğunu xatırlatmaq zamanıdır.

Kiminin sosial ərköyünlüyündən, kiminin də aşkar cahilliyindən istifadə edən qaraguruha, siyasəti ləyaqətsizlik kimi anlayıb iaşə müxalifətçiliyi edənlərə qarşı məntiqlə davranmalı, əks-təbliğat aparmaq əvəzinə, onların kimliyini ortaya qoyub bu yaramazlara sakitcə tamaşa edənlərin gözlərini geniş açmaq gərəkdir.

Ki, Stenli Kubrikin geniş qapanmış gözlərindən fərqli olaraq, insanımız geniş açılmış qəlblə və geniş miqyaslı şüuru ilə baş verənləri tam dərk etsin, anlasın və nəticə hasil etsin.

Sosial şəbəkələrdə vətəndaşın maaariflənməsi üçün genişmiqyasıl kampaniyaya, real işə ehtiyac var.

Əks təqdirdə qaragüruh çılğınlığını və düşmənçiliyini davam etdirəcək, bəzi kəslər da onların təkliflərini dəstəkləmədiklərini deyərək yerlərini qorumaq istəsələr də, əslində bisavad bəyanatları ilə elə əks tərəfin maraqlarına xidmət etmiş olacaqlar.

Radikal müxalifət artıq zümrələşdiyini deyir, amma uğursuzlar və siyasi məqsədlərin reallaşması sarıdan binəsiblər klubuna daha çox bənzəyir.

Müxalifətin üstqurulu dəyişməli, yeni simalar, yeni nəfəslər gəlməlidir.

Azərbaycanın real, məntiqli, konstruktiv, millətin maraqlarını və dövlətin mənafeyini öz ləkəli keçmişinin bərpasına, mücərrəd gələcəyinin formalaşmasına qurban verməyə hər an hazır, dəfələrlə buna cəhd etmiş simasızlara bənzəməyən simalara ehtiyacı var.

O müxalifəti birlikdə formalaşdırmalıyıq.

Çünki güclü müxalifəti olan hakimiyyət özünə güc qatır.

Azərbaycan hakimiyyətinin əlavə gücə zərurəti yox, amma cəmiyyətə doğrudan da, adekvat müxalifət gərəkdir.

Bu isə artıq sosial sifarişdir.

Şərh əlavə et