Elçin Alıoğlunun

Milli Məclis niyə buraxılacaq? – ŞƏRTLƏR VƏ SƏBƏBLƏR

Günlərin birində sadə afinalı Xalq Məclisinə gəlir, çıxışları dinləyir və sonra da deyir: “Burada güc az olsa da, danışıq və ətalət çoxdur”. O, haqlıdır.

Qədim yunan filosofu Plutarx çağdaş parlamentarizmin əcdadı olan yunan “vətəndaş məclisi” barədə bu sözləri deyəndə tam haqlı idi.

Azərbaycan parlamentinin heyətinin də dəyişməsinə ciddi zərurət var və səbəb ölkə rəhbərliyinin yürütdüyü intensiv islahatlar siyasətinin doğurduğu tələblərə, çağdaş vəziyyətin yaratdığı çağırışlara Milli Məclisinin indiki heyətlə, sadəcə, qismən cavab verməsidir.

Son kadr islahatları, əslində, dövlət idarəetmə sistemindəki genişmiqyaslı, köklü islahatların bundan sonrakı mühüm mərhələsinin ərəfəsidir.

İslahatlar ölkənin imicinin yüksəldilməsinə də yönəlib həmçinin.

Çağdaş dünyada demokratiya və sivil cəmiyyət göstəricilərindən biri də hökumətdə və ümumiyyətlə, dövlətin idarə olunması sistemində gənc, yüksək peşəkarlıq səviyyəsinə malik kadrların fəal iştirakıdır.

Bu insanlar müasir dünyagörüşünə və fəaliyyət modelinə malik olmalıdırlar.

Ölkədəki daxili siyasi stabillik də bilavasitə islahatların davamını diqtə edir.

Artıq Azərbaycanda post-neft dövrü başlayıb. Son 2-3 ildə müşahidə olunan iqtisadi tendensiyalar, məsələn, dövlət büdcəsinə vergi daxilolmalarının strukturunda qeyri-neft-qaz sektorunun mütəmadi olaraq artması, regionlarda iqtisadi infrastrukturun genilşlənməsi, “kölgə” iqtisadiyyatının miqyasının azaldılması, şəffaflaşma proseslərinin sürətləndirilməsi və digər məqamlar ölkə iqtisadiyyatının artıq yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə qeyri-neft sənayesində 15 faizdən çox artım qeydə alınıb ki, bu da çox yüksək nəticə kimi qiymətləndirilə bilər. Kənd təsərrüfatında da ciddi göstəricilər əldə edilib, iqtisadi artım 7 faizə çatıb.

Hələ 2018-ci ilin yanvarında Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında çıxışı zamanı Azərbaycan Prezidenti ölkədə reallaşdırılmasına başlanılan neft və qaz layihələrinin davam etdiriləcəyini, lakin əsas diqqətin məhz yüksək texnologiyaların tətbiqinə, innovativ sahələrin, sənaye və kənd təsərrüfatının inkişafına, sahibkarlığın möhkəmləndirilməsinə yönəldildiyini qeyd edib.

Təbii ki, hər bir islahatı həyata keçirən kadrlardır. Və qarşıya qoyulan hədəflərə yalnız yeni yanaşmalara uyğun, yeni təfəkkürə malik, müasir beynəlxalq trendlərin tətbiqini bacaran kadrlarla nail olmaq mümkündür. Son 2 ildə hökumətdə müşahidə olunan kadr islahatları bu sahədə ciddi islahatlardan xəbər verir. Məhz yeni yanaşmaların tətbiqi, bir sıra hallarda mövcud olan məmur özbaşınalıqlarının aradan qaldırılması iqtisadi islahatların təkanverici qüvvəsi olmalıdır. Bu məqamlara son müşavirədə dövlət başçısı da diqqət çəkib, çox güclü siyasi iradənin ortaya qoyulduğunu, islahatların şəxsi maraqlara qurban verilməyəcəyini və görülən işlərə maneə yaradan insanlarla yolların ayrılacağını vurğulayıb. Bu isə o deməkdir ki, hər bir məmura etimad krediti onun gördüyü real işə görə artacaq.

İş o yerə çatıb ki, beynəlxalq təşkilatların reytinqlərdəki yerimiz ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf templəri bir-birinə uyğun deyil.

İnkişaf sürəti artırılmalıdır və bunun üçün bütün imkanlar var.

İslahatlar getdikcə, nəsil dəyişikliyi olmalıdır. Uzun illər Azərbaycana xidmət etmiş komanda yenilənməli, çağdaş tələblərə, müasir dünyanın çağırışlarına cavab verən insanlarla əvəzlənməlidir.

Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq.

Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir.

Sadaladığımız proseslər, xüsusilə də dövlət başçısının müəllifi və rəhbəri olduğu genişmiqyaslı yenilənmə, struktur islahatları və faktiki olaraq, yenidənqurmanın məcrasında duran əsas məqamlardan biri də ölkə parlamenti, Milli Məclisidir.

Belədirsə, Milli Məclis cəmiyyətin sosial sifarişlərinə, ölkənin və sosiumun qarşılaşdığı çağırışlara cavab verirmi?

Əfsuslar olsun ki, yox.

Hətta bəzi millət vəkillərinin cəmiyyətdə birmənalı qarşılanmayan, sosial şəbəkələrdə uzun müddət müzakirə olunan açıqlamalarını da unutmamışıq. Belə odioz, ölkə hakimiyyətinin yürütdüyü daxili siyasətin konsepsiyasına və habelə, xarici siyasətin təsbitlənmiş vektorlarına əsla uyğun gəlməyən açıqlamaları ilə “məşhurlaşan” millət vəkilləri, təbii ki, ölkədə parlamentarizm ənənələrinin formalaşmasında ciddi uğurlara, köklü irəliləyişlərə səbəbkar sayıla bilməzlər.

Milli Məclisin indiki heyətində təmsil olunmuş bəzi millət vəkilləri məhz millətin vəkilləri olduğunu unutmuş, seçicilərlə görüşləri mütəmadi və vacib prosedur qismində realizə etmək əvəzinə, seçicilərindən, habelə ölkədəki siyasi-sosial proseslərdən çox uzaq düşüblər.

Onlar gündəm bəlirləmək əvəzinə, hadisələrin axarı ilə gedir və Milli Məclisdəki fəaliyyətlərini rutin, labüd, hətta yeknəsək olaya çevirmişdilər.

Bu da, təbii ki, seçicilərin haqlı narazılığına səbəb olub. Onlar, yəni ölkə vətəndaşları parlament seçkilərində səs verdikləri şəxsin təmsil olunduğu seçki dairəsində yaşayan insanların qayğıları ilə başdansovdu maraqlandığını dəfələrlə vurğulayıblar və bu açıqlamalar ən müxtəlif millət vəkilləri barədə səslənib.

Heyhat ki, problem, sadəcə, bu deyil: onu seçən vətəndaşlara laqeyd olan bəzi millət vəkilləri ölkə hakimiyyətinin həll etməkdə olduğu problemlərin məğzi və məcmusundan xəbərsiz, apatik davranaraq dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalmalarını aşkar nümayiş etdirirlər.

Məhz bu səbəbdən Milli Məclisin indiki heyətinin buraxılması labüd idi və iqtidarda olan Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının bugünkü iclasında qəbul edilən qərar da bir daha göstərdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirlən islahatlara mövcud parlament cavab vermir, genişmiqyaslı islahatlar prosesi ilə ayaqlaşmaq gücündə və potensialında deyil.

Bu barədə Milli.Az olaraq dəfələrlə yazmışıq və vurğulamışıq ki, islahatların dinamikasına parlament öz apatiyası ilə, dövlət başçısının vətəndaşlarla birbaşa ünsiyyət qurmasına bəzi millət vəkilləri absurd və odioz açıqlamalarla; kadrların gəncləşdirilməsi və yenilənməsinə ahıl millət vəkillərinin parlamentin bir çox iclaslarına, ümumiyyətlə, qatılmaması ilə; dövlət qurumlarında köklü islahatlar nəticəsində məmur-vətəndaş kommunikasiyasaları tam yeni və mütərəqqi səviyyəyə yüksəldiyi halda millət vəkillərinin seçicilərlə ünsiyyətdə innovasiyaları, ümumiyyətlə, tətbiq etməməsilə “cavab verdi”.

Sadalanan şərtlər, ünsürlər və vəsilələr müasir dövrün tələblərinə tam cavab verməklə yanaşı, islahatlar konsepsiyasını qanunvericilik fəaliyyətinə üzvi sintez edə biləcək, yeni və mütərəqqi formatda çalışa biləcək qurumun formalaşdırılması zərurətini aktuallaşdırıb.

Prezident İlham Əliyev artıq 16 ildir ki, faktiki  olaraq keçirdiyi hər toplantıda, iclasda, görüşdə “Mən xalqımın xidmətindəyəm” deyir və bununla da məmurlara məhz xalqın etimadını doğrultmalı olduqlarını, fəaliyyəti ilə məhz vətəndaşların etibarını qazanmaq məcburiyyətində olduqlarını vurğulayır.

Parlament dövlət başçısının inqilabi islahatlarını daha da genişlətmək əvəzinə volüntarist davranış sərgiləyən millət vəkillərinin açıqlamaları ilə gündəm olur.

Bir millət vəkili Rusiyada çalışan və yaşayan azərbaycanlılara “otxod” deyir, başqası müəllimləri işdən sonra çalışmağa çağırır, bir başqası vətəndaşlara soğan əkməyi təklif edir, biri borca görə mandatını girov qoyur. Milli Məclis üzvü olan bəzi deputatların övladlarının yarıtmaz və yaramaz davranışları, həmin millət vəkillərinin biznes fəaliyyəti isə dəfələrlə geniş müzakirələrə və qalmaqallara səbəb olub.

Bütün bu nöqsanlarla yanaşı, Milli Məclisin indiki heyətində aktiv qanunvericilik fəaliyyəti ilə məşğul olan millət vəkillərinin sayı çox azdır: əksəriyyət passiv davranış və fəaliyyətsizliklə seçilir, bununla da kadr islahatlarının məhvərində olan yenilənmə, yeni təfəkkür və yanaşma tərzinin bərqarar olması strategiyasının qarşısına ətalətlik taktikasını qoyurdu.

Paradoks o həddə çatıb ki, postneft dövrü yaşayan Azərbaycanın informasiya-kommunikasiya inqilabını gerçəkləşdirəcəyini bəyan etdiyi bir dönəmdə bəzi millət vəkilləri üçün onlayn media və sosial şəbəkələr hələ də “terra incognita” olaraq qalır.

Və ən nəhayət, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti, ümumiyyətlə, Vitse-Prezidentlik institutu ölkənin siyasi-sosial həyatına yeni təkan verdiyi, M.Əliyevanın yürütdüyü siyasətin kökündə ilk əvvəl sosial sahənin durduğunu nəzərə alsaq, Milli Məclis bu seqmentdə də astagəllik nümayiş etdirir. Mehriban Əliyevanın gerçəkləşdirdiyi idarəetmə metodologiyası və yürtüdüyü siyasətin həyata keçirilməsində göstərilən nümunəvi davranışlar, məcburi köçkünlərlə görüşlərdəki diqqət və sadəlik millət vəkilləri tərəfindən də reallaşdırılmalı, davam etdirilməli halda tam əksini müşahidə edirik.

Hərgah ayrı-ayır nazirlər, məmurlar, icra başçılarını Prezidentin bir qərarıyla dəyişmək mümkündürsə, Milli Məclisin tərkibini bu formatda yeniləmək mümkün deyil.

Milli Məclisin 2015-ci ildə seçilmiş tərkibi artıq mövcud, çağdaş çağırışlara, ölkə və cəmiyyət qarşısında duran problemlərin həlllində zəruri formata cavab verməməklə yanaşı, islahatlar prosesinə maneə təsiri bağışlayır.

Azərbaycan islahatların, modernləşmənin, qüdrətlənmənin və inkişafın yeni və daha sürətli mərhələsinin astanasındadır. Parlamentin tərkibi yeniləndikdən sonra ölkə insanı üçün indikindən qat-qat artıq yüksək rifahın təmin ediləcəyini ehtimal etmək olar.

Dövlət başçısının yürütdüyü siyasət və tutduğu mövqe bunu deməyə əsas verir.

Azərbaycanda hakimiyyət maliyyə, bank, məhkəmə və s. sahələrdə köklü islahatların yekun mərhələsinə daxil olduğundan iqtidardakı Yeni Azərbaycan Partiyası çoxluq təşkil etdiyi Milli Məclisə yeni seçkilərlə bağlı qərar qəbul etməklə, əslində, islahatların sürətlənməsinə təkan vermiş oldu.

Bu, YAP-ın yüksək siyasi məsuliyyətindən irəli gələn qərar olmaqla yanaşı, partiyanın nüfuzunu daha da artıracaq addımdır. Çünki islahatlar, rifah üçün yeniliklər naminə qələbəsinin təsbitləndiyi parlament heyətindən imtina etmək ali siyasi mədəniyyət izharı olmaqla yanaşı, tarixi islahatlara və Prezidentə tam dəstəkdir.

Şərh əlavə et