Elçin Alıoğlunun

MDB-dən nə əldə etdik?

Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik.

Azərbaycanda İkinci Respublikasının banisi və çağdaş müstəqilliyimizin memarı Heydər Əliyev 1993-cü ilin oktyabrın 10-da andiçmə mərasimində çıxış edərkən Azərbaycanın MDB-yə üzvlüyündən də bəhs edərək, bu fikirləri söyləmişdi.

Liderlər uzağı görürlər, yaxınlarda yaşananları sezir və bunu perspektivə daşıyaraq proeksiya etməyi bacarırlar. Heydər Əliyev gerçək lider olduğundan Müstəqil Dövlətlər Birliyinin Azərbaycan üçün hansı əhəmiyyət kəsb etdiyini, ən başlıcası isə ölkəmizin postsovet məkanındakı mövqelərinin necə dəyişəcəyini uzaqgörənliklə təxminləmişdi.

Və həmişə olduğu kimi, təxminləri olduğu kimi reallaşmışdı.

Həmin dövrlərdə “fəaliyyətini dondurmuş” AXCP-Müsavat funksionerləri, habelə “demokratik müxalifət” adlanan və parlamentdə “Dördüncü mikrofon” eyforiyasından qurtula bilməyənlər ölkəmizin MDB sıralarına qatılmaq planlarını şiddətlə, maniakal şəkildə “tənqid” edir, az qala bunu “millətə və dövlətə xəyanət, milli maraqların tapdanması” kimi qələmə verirdilər.

Heydər Əliyevin bu adamlara, daha doğrusu kənardan ipləri çəkilərək oynadılan primitiv marionetlərə cavabı belə olmuşdu: “Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışırlar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini daim qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə qətiyyən xələl gətirməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi demokratik yolla gedəcək, beynəlxalq demokratiya normalarına riayət edəcəkdir. Azərbaycanda kommunist ideologiyası, kommunist rejimi bir daha bərpa olmayacaqdır. Güman edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də fikri belədir. Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır!”

Xatırladım ki, MDB Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş”in imzalanması vasitəsilə təsis edilmişdi.

İlkin mərhələdə üç dövlət- Rusiya, Ukrayna, Belarus tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin “mədəni dağılmasını”, onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.

Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.

Azərbaycanın MDB-yə daxil olması parlamentin prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi barədə qərarından sonra baş verib. Azərbaycan MDB-yə qoşulmaq haqqında 21 dekabr 1991-ci il tarixli  qərarı 1993-cü ilin sentyabrında ratifikasiya edib və MDB-nin tam hüquqlu üzvü olub.

… Postsovet məkanında, sabiq Sovetlər Birliyi imperiyasının darmadağın olmuş qalasının viranələri arasında, Avrasiya inteqrasiyasının mərkəzində dayanan ən vacib qurumlardan biri olan Müstəqil Dövlətlər Birliyi Azərbaycan üçün hər zaman öz əhəmiyyətini hələ də qoruyub saxlayır.

Söz yox, Sovetlər Birliyi çökəndən – daha doğrusu, çökdürüləndən – sonra postsovet məkanındakı ölkələrin Avropa Birliyinə və xüsusilə də NATO-ya inteqrasiyasının qarşısını almaq, Moskvanın təsir rıçaqlarının tam zəifləməsinə imkan verməmək məqsədilə Rusiyanın təşəbbüsü və liderliyi ilə yaradılan bu birlik ilkin dövrlərdə sabiq SSRİ məkanında müəyyən mənada konfederasiya yaratmaq məqsədi güdürdü.

Lakin yalnız keçmiş respublikalar arasında mövcud olan siyasi, iqtisadi, sosial və mədəni əlaqələri bərpa etmək məqsədi ilə birliyə qoşulan bir neçə dövlətin mövqeyi bu qurumun tranformasiyaya uğrayaraq şaquli yox, üfüqi münasibətlərin bərqərar olduğu hökumətlərarası qurum kimi fəaliyyət göstərməsini şərtləndirdi. Bu gün Azərbaycan da daxil olmaqla həmin dövlətlərin birlik daxili fəaliyyətləri MDB-nin müstəqil dövlətlərin könüllü və bərabərhüquqlu əsasda yaratdığı hökumətlərarası qurum olduğunu və həmin ölkələr arasında iqtisadi, siyasi, sosial, mədəni əməkdaşlığa şərait yaradan bir subyekt rolunu icra etdiyini təsdiqləyir.

Postsovet ölkələri birləşdirən Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın paytaxtı Bişkekdə yubiley – 25-ci sammitinin keçirilməsi “SSRİ-nin varisi” kimi yaradılsa da, sonradan dəyişdi və bərabərhüquqlu dövlətlərin normal, adekvat strukturuna döndü.

Bir istisna ilə: Ermənistan hələ də sürətlə yön dəyişən, absurd siyasət yürütdüyü üçün MDB məkanında ən “arzuolunmaz” tərəfdaş sayılır.

Azərbaycan ərazilərinin 20 faizini hələlik işğal altında saxlayan, xarici siyasətini köləliyə və maraqlara xidmətə mutasiya etdirmiş rəsmi İrəvan MDB-nin ən problemli, ən zəif üzvü sayılır.

Və onu da unutmayaq ki, MDB məkanındakı münaqişələrin həllində təşkilat özü səmərli vasitəçilik mexanizmləri təklif edə bilmir. İstər Qarabağ münaqişəsində, istərsə də Rusiya-Gürcüstan, Rusiya-Ukrayna münaqişələrində vasitəçi kimi ATƏT, Avropa İttifaqı və digər strukturlar çıxış edir. Buna rəğmən, Azərbaycan MDB-nin struktural və institusional mexanizmlərindən, imkanlarından yararlanır. Məqsəd həmin təşkilat vasitəsilə Ermənistan istisna olmaqla postsovet ölkələri ilə siyasi, iqtisadi, maliyyə, mədəni və s. əlaqələri genişləndirmək, qarşılıqlı təmasları inkişaf etdirməkdir.

26 il əvvəl, sentyabrın 26-da Azərbaycan parlamentinin ratifikasiya etdiyi sazişlə MDB sıralarına qatılmış ölkəmiz liberalizm, demokratiya, insan haqları və ümumiyyətlə, libertarianlıqdan bəhs edən, əslində isə yalnız öz maraqlarının təminatına və mənafelərinin gerçəkləşməsinə çalışan qlobal güclərin təzyiq cəhdlərinin neytrallaşdırılmasında bütün gərəkli vasitələrdən istifadə edir.

Bu baxımdan MDB həm kooperasiya və tərəfdaşlıq üçün imkan, həm də Azərbaycanın artan geosiyasi çəkisinin daha da güclənməsi üçün vasitələrdən, sadəcə, biridir.

Şərh əlavə et