Elçin Alıoğlunun

Fəlakətin kandarından döndük

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı. Sərt karantin rejimi avqustun 5-dək, karantin rejimi isə avqustun 31-dək.

Təbii, belə yaşam asan deyil. Səbr daralıb, əsəblər gərgindir. İqtisadiyyata da külli miqdarda ziyan dəyib, dəyməkdə davam edir. Vətəndaşlarımızın gəlirləri də azalıb: axı bir çox iş yerləri ya fəaliyyət göstərmir , ya məhdud rejimdə işləyir, ya da işləsə belə, müştərilər yoxdur. Otellər, əyləncə və ticarət mərkəzləri, dükanlar, butiklər, inşaat şirkətləri və s. kimi.

Anlayırıq.

Onu da deyək ki, son günlərin statistikası müəyyən ümidlər üçün səbəb sayıla bilər. Belə ki, dünənki rəqəmlərə baxsaq, COVİD-19 koronavirusuna yeni yoluxma sayı 471, sağalma sayı isə 549 olub. Yəni sağalanların sayı yeni yoluxanlardan çoxdur. Bu, gözəl və hətta əla göstəricidir.

Son günlər Azərbaycanda koronavirusla bağlı testlərin sayı da artırılıb. Əvvllər öklə üzrə sutkada 5-6 min test aparılırdısa, indi həmin rəqəm 9 minə çatıb.

Və 9 min test olunmuş vətəndaş arasında 471 nəfərin testinin pozitiv nəticə verməsi statistika baxımından yaxşı göstərici sayıla bilər, sayılmalıdır da.

Pozitiv təmayülün davam etməsi, koronavirus pandemiyasının Azərbaycanda daha geniş miqyasda yayılmasının qarşısının alınması üçün zəruri, həta məcburi addımlarla qərarlara ehtiyac duyulur

Aprelin sonu-mayın əvvəllərində karantin rejiminin yumşaldılması qərarı razılıqla qarşılandı. Lakin az sonra ölkədə koronavirusa yoluxanların sayı sürətlə artdı və bunun əsas səbəbləri qaydalara etinasız yanaşma, sosial təcrid və gigiyena şərtlərinə əməl edilməməsi oldu. Məhz həmin günlərdə yoluxma sayında az qala həndəsi silsilə ilə artım yaşandı, gündəlik statiktik göstəricilər 500-ü keçdi.

Çox qorxulu və insan orqanizmi üçün fəsadlı virusun daha geniş arealda yayılmasının qarşısını almaq üçün karantin rejimi yenidən bərpa olundu.

Əks təqdirdə, sutkalıq yoluxmaların sayı artmaqda davam edəcəkdi. Kim bilir, bəlkə də 1000 nəfərə çatacaq və bəlkə də keçəcəkdi. Bu isə Azərbaycanın səhiyyə sisteminin kollapsı deməkdir.

Azərbaycan böyük ölkə deyil, iqtsadiyyat, texnologiyalar və səhiyyənin səviyyəsi baxımından Britaniya, Fransa, Belçika, Almaniya, Kanada və ABŞ ilə müqayisə oluna bilmərik. Lakin həmin ölkələrdə karantin rejimi yumşaldılan kimi yoluxmaların sayı sürətlə artdı, xəstəxanalar virusa yoluxmuş pasiyentlərlə doldu və sonucda səhiyyə kollapsı yaşandı.

Həmin ölkələrdə kafelər, restoranlar, dükanlar, ticarət mərkəzləri işləyir. İnsanlar çimərliyə də gedirlər, çünki hakimiyyət dairələri karantin rejimini yenidən bərpa etməyərək kollektiv immunitet prinsipinə tapındılar.

Sonuc göz qabağındadır: sadaladığım dövlətlərdə sutkalıq yoluxma sayı yenə də təhlükəli həddə çatmaqdadır, koronavirusdan ölənlərin sayında artım var.

Bu ölkələrin rəhbərliyi sırf merkantil maraqları vətəndaşların sağlamlığından üstün tutublar və karantin rejiminin bərpa edilməməsi qərarını iqtisadiyyatın çox ağır vəziyyətdə olması, işsizlərin sürətlə artımı və s. ilə əlaqələndirirlər.

Əsas alibi kimi də kollektiv imuniteti göstərirlər. Yəni hamı yoluxandan sonra cəmiyyətdə, fərdlərdə koronavirusa qarşı kollektiv immunitet formalaşır və sən demə, bu minvalla COVİD-19 təhlükəsi öz-özünə aradan qalxır.

Olduqca təhlükəli, yanlış və qüsurlu mövqedir. Ən azı ona görə ki, koronavirusa yoluxmuş insan sağalsa da, onun sosial təcrid və gigiyena qaydalarına riayət etməyəcəyi təqdirdə yenidən yoluxma şansı yetərincə yüksəkdir.

Hindistandan tutmuş, Latın Amerikası ölkələrinə qədər analoji vəziyyətdir.

Braziliyada sutkalıq yoluxma sayı artıq on minlərlədir. Kolumbiyada 33 vilayətdən 11-də yerli narkokartellər vəziyyətə “nəzarət” etməyə başlayıblar: onlar karantin rejimini pozaraq küçələrə çıxanları güllələyirlər.

Çində yeni yoluxma halları əvvəl sutkada bir neçə idisə, indi onlarladır.

Yəni bütün bunlar karantin rejiminin ya yumşaldılması, ya da aradan qaldırılmasının fəsadlarıdır.

Azərbaycan isə tam fərqli, məntiqi və pandemiya ilə mübarizədə taktiki baxımdan dürüst, strateji baxımdansa optimal yolu tutub.

Vətəndaşlarımızın böyük qismi tərəfindən anlayışla qarşılanan, lakin istənilən halda riayəti asan olmayan karantin rejiminin müddətinin uzadılması labüd idi.

Çünki ya istirahət, səfər, çimərlik, alış-veriş və əyləncə, habelə normal iş fəaliyyəti istəklərimizi tam reallaşdıraraq koronavirus bəlasına əsir düşməli, ya da bəla ilə sonadək mübarizə aparmalıydıq.

Azərbaycan, sözün əsl mənasında, fəlakətin kandarından döndü: karantin rejiminin yumşaldılmasından sonrakı vəziyyət ölkədə COVİD-19 ilə bağlı gerçək böhran yarada bilərdi.

Səbəb dövlət qurumlarının fəaliyyəti yox, vətəndaşlar arasında olan məsuliyyətsiz, qaydalara və tələblərə etinasız yanaşanların davranışları oldu.

İşğalçı Ermənistanın Tovuz rayonunu atəşə tutmasından və bir neçə hərbçimizin şəhid düşməsindən sonra ölkənin müxtəlif şəhərlərində keçirilən Orduya dəstək yürüşləri, xüsusilə də iyulun 15-də Bakıdak yürüş vətənpərvərliyin möhtəşəm izharı, Xalqla Ordunun birliyinin nümayişi, vətəndaşlarının dövlətə və dövlətin başçısına, Ali Baş Komandana sonsuz inamının göstərgəsi idi. Lakin eyni zamanda, minlərlə, on minlərlə insanın qatıldığı bu yürüşlər, habelə şəhidlərimizin dəfn mərasimləri koronavirusun daha geniş yayılması üçün az qala ideal şərait idi.

Bunu da unutmayaq.

Karantin rejiminin müddəti uzadıldı.

İndiki şəraitdə səbrli, soyuqqanlı, hövsələli və təmkinli olmalıyıq.

Anlamalıyıq ki, qəbul olunan qərarlar, tətbiq edilən məhdudiyyətlər bizi qorumaq üçündür.

Çox qorxulu bəladan qurtulmaq istəyiriksə, qaydalara şərtsiz, tam və bütünlüklə əməl etməliyik.

Biz qalib gələcəyik!

Şərh əlavə et