Elçin Alıoğlunun

Bakıda “otel macərası” hamıya dərs olmalıdır

Qanun hamı üçündür və kimsənin də ölkədəki qanunları pozaraq bunu adi yaşam tərzi kimi qələmə verməyə ixtiyarı yoxdur. Çünki kimliyindən asılı olmayaraq qanunların pozulduğu bir məkanda dövlətin sadəcə adı qalır – özü olmur. Olan insan toplusunun yaşadığı məkandır.

Azərbaycan qanunların idarə etdiyi və qanunlarla idarə olunan bir ölkədir. Əksini düşünənlər, özlərini qanundan üstün bilənlərsə mütləq şəkildə elə həmin qanunların çərçivəsində cəzalarını alırlar.

Buna kimsənin şübhəsi olmasın.

“Fairmont Flame Towers Baku” hotelində və “Relax” istirahət mərkəzində insanların istirahəti və əyləncəsi barədə görüntülərin yayılması ilə əlaqədar sosial şəbəkələrdə əhalinin “ağlar” və “qaralara” bölündüyü, hakimiyyətə yaxın şəxslərin obyektləri üçün xüsusi imtiyazlar olduğu, karantin rejimindən yaılnız sıravi insanların əziyyət çəkidiyi, onların cərimələndiyi barədə iddialar irəli sürülür. Hazırda bu mövzu daha çox müzakirə olunur. Amma necə – bax, bu sualın cavabı maraqlıdır.

“Fairmont Flame Towers Baku” otelinin hovuzunda əylənənlərin istisnasız olaraq hamısı saxlanılıblar, onlarla profilaktiki söhbət aparılıb və cərimələrə məruz qalıblar.

Ötən bazar günü baş verən olay karantin rejiminin aşkar şəkildə, çox kobud pozuntusu idi. Bununla bağlı otelin baş meneceri Matye Qreppo cərimələnib.

Ən azı ona görə ki, “Fairmont Flame Towers Baku”nun İnstagram səhifəsində elan vardı: “Bu həftəsonu özünüzə “kiçik tətil” edin və həftəsonunu evdə deyil, “Fairmont Baku”da keçirin”. Elanda vurğulanırdı ki, otelin hovuzunda çimmək istəyənlər mütləq “Deluxe” otaq sifariş verməlidirlər.

Əslində, bu elanın özü karantin rejiminin kobud pozuntusu idi. Fəqət, elan sosial şəbəkələrdə “qlamur” potensial mühtəriləri tərəfindən razılıqla qarşılandı və onlar otelə axışdılar.

Karantin rejiminin tələblərini pozaraq, qanunları heçə sayaraq.

Onların arasında iş adamlarının övladları, aktrisalar, teleaparıcılar vardı və bu şəxslərin kimliyi artıq hər birinizə bəllidir.

“Fairmont Flame Towers Baku”da “qlamur istirahət” edənlər təbii ki, hovuzda və hovuz kənarında çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşıblar.

Qalmaqal da bundan sonra başlanıb.

Özlərini “qızıl gənclik” sayan “qlamur”ların paylaşımları sosial şəbəkələrdə təbii ki, haqlı narazılıqla qarşılanıb.

Ölkədə koronavirus pandemiyasının olduğu, karantin rejiminin qüvvədə olduğu bir dönəmdə bir dəstə “major”un özlərini “həyatın ağaları” sayaraq qanunları heçə sayacaq gücdə hesab etmələri sərt qınaqlara səbəb olub, ciddi qıcıq yaradıb.

Vətəndaşlar qəzəblərində, hətta hiddətlərində haqlı idilər.

Polis əməkdaşları də elə həmin gün, oteldə “istirahət edən”lərin əyləncəsi davam edərkən “Fairmont Flame Towers Baku”ya yollandılar, qanunu pozanları saxladılar.

Onlar cəzalarını aldılar, amma sosial şəbəkələrdəki qınaqdan öz məqsədləri üçün istifadə etməyə çalışanlar cəzalarını özləri verdilər.

Ağıldan bəlalılar həmişəki kimi, fürsətdən maksimum yararlanmağa can atdılar və olanları az qala “irqi seqreqasiya”, “cəmiyyətin tabanlara bölünərək qanunun selektiv münasibəti” kimi qələmə verdilər, sosiumun “ağlardan və qaralardan ibarət olduğunu” iddia etdilər.

Radikal müxalifətin funksionerləri vəcdə gəldilər, buyurdular ki, karantin rejimində adi vətəndaşlar “qaralar”, “Fairmont”da istirahət edən kimilərsə “ağlar”dır.

Əslində isə ağ və qara bölgüsü, ətrafla şüurun bu iki rəngə parçalanması, reallığın məhz bu iki spektrdə qavranılması radikal müxalifətin yaşam tərzi, şüur formatı, düşüncə modelidir.

Gerçəksə budur ki, Azərbaycanda üzü, niyyəti, məramı və qəlbi qara olanlar elə həmin radikal müxalifət mənsublarıdır. O kəslər ki, sosial şəbəkələrdə özlərinə əl qatırlar, xaricdəki olmayan “vicdan səsləri”ni YouTube-da “müstəqil bloqer və ictimai fəal” kimi təqdim edirlər. Həmin fəallar da virtual laqqırtıxanalarında özlərini saxlaya bilməyərək “İşimizin adı elə hakimiyyəti şərləməkdir” deyərək etiraflarda bulunurlar.

Halbuki dövlət başçısı İlham Əliyev dövlət üçün isnsanların sağlamlığının və təhlükəsizliyinin prioritet olduğunu bəyan edib və hazırda həyata keçirilən siyasətin, reallaşdırılan tədbirlərin əsasında da məhz bu prinsip dayanır.

Prezident dəfələrlə bəyan edib ki, kimliyindən asılı olmayaraq karantin qaydalarını pozan, insanların həyatına təhlükə yaradan hər bir hal araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.

Yaşananlar da bunu təsdiqləyir. Karantin rejimi dönəmində bəzi məsuliyyyətsiz vətəndaşlar tərəfindən ad günləri, şadyanalıqlar və yas mərasimlərinin təşkil olunması, karantin qaydalarının kobud surətdə pozulması halları ilə müvafiq dövlət qurumları qətiyyətlə mübarizə aparırlar. Bununla bağlı mediada, sosial şəbəkələrdə yetərincə məlumatlar, xəbərlər var.

Prezident İlham Əliyev dünən “Fairmont Baku” otelindəki olayı çox qısa və konkret dəyərləndirib: “Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir”.

O, daha sonra söyləyib: “Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir.

Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil – istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

… Bakıdakı oteldəki son olay da göstərdi ki, kimliyindən asılı olmayaraq qanunları heçə sayan, qaydaları pozan hər bir vətəndaş, bütün biznes subyekti məsuliyyətə cəlb olunacaq və onlarla bağlı müvafiq tədbir görülür və bundan sonra da onlar qanunun boz, sərt üzünü görəcəklər.

Vətəndaşlar, xüsusilə də iş adamları birdəfəlik anlamalıdırlar ki, koronavirus pandemiyasına qarşı mübarizə cəmiyyətin qarşısında duran ümdə, ən vacib vəzifədir. Hər kəs ümumi işə öz təhfəsini verməli, qaydalara riayət etməklə, nizam-intizam, məsuliyyətli davranışla örnək olmağa çalışmalıdır;

Qaydaların pozulması hallarına qarşı hər birimiz barışmaz olmalı, pozuntulara yol verənləri qınamalı və məsuliyyətə dəvət etməliyik.Yalnız belə olarsa cəmiyyətimiz koronavirus bəlasının öhdəsindən gələ bilər.

“Urra, neftin qiyməti 14 dollara düşdü, məni təbrik edin” deyənlər indi koronavirus pandemiyasının ölkədə yaratdığı obyektiv çətinliklərdən öz murdar məqsədləri üçün yararlanmağa, çirkin vasitələrlə siyasi dividentlər əldə etməyə çalışırlar.

Fəqət bu biçarələr dərk etmirlər ki, koronavirus insanları maddi durumuna, sosial statusuna, tutduğu vəzifəyə, habelə milli, dini, siyasi mənsubiyyətə görə ayırmır.

Koronavirus hamımız üçün eyni dərəcədə təhlükəlidir.

Virusla mübarizədə məsuliyyətsiz davrananlar, cəmiyyət və dövlət üçün problem yaradanlarsa bilməlidir: onlar ilk əvvəl özlərinin, ailə üzvlərinin, yaxıınlarının həyatlarını çox böyük təhlükəyə atırlar.

Heç olmasa, bunu dərk etsinlər…

Şərh əlavə et