Elçin Alıoğlunun

Bakı finalı: qara və ağın əyan olduğu gün

Xeyir və şərin, qara və ağın, rəngarəngliyin və bozun, aqressiyanın və tolerantlığın, dağıdıcılığın və quruculuğun mübarizəsi bəşər övladı xəlq olandan bəri davam edir.

Srağagün Ermənistanın baş naziri Nikol Paşiyan ölkənin futbol yığmasının kapitanı, İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryana zəng vurub.

Paşinyan bununla bağlı Facebook-dakı səhifəsində yazıb: “Qazaxıstanın payxatı Nur-Sultandan qayıdan kimi Henrix Mxitaryanla danışdım və ona Bakıda oynanacaq “Arsenal”-“Çelsi” matçı ərəfəsinldə dəstəyimi bildirdim. Mxitaryan bu matça Bakının irqçi mövqeyinə görə qatıla bilmədi. Onunla qürur duyduğumu söylədim”.

Beləcə, sadəcə Azərbaycana qarşı yox, futbola və ümumilikdə, idmanın prinsiplərinə qarşı son günlərdə Mxitaryanın alət olunaraq aparıldığı qara piarın, kampaniyanın arxasında kimlərin durduğu aşkarlandı.

Avropa Liqasının Bakıda, Olimpiya Stadionunda keçirilmiş final matçı ərəfəsində əsl isteriyaya çevrilən insuniasiyaların, böhtan və qaralama kampaniyasının, xüsusilə Britaniya mediasında ölkəmizi hədəf alan yazıların, xəbərlərin və s.-nin “sifarişçi”lərinin məhz Ermənistanla erməni diasporu olduğu bir daha, artıq neçənci dəfə sübut olundu.

Özü də elə ermənilər vasitəsilə – Paşinyanın açıqlaması baş verənlərin post-faktum təsdiqi idi.

Azərbaycanı hədəfə alan, aşkar şovinist, hətta nasional-sosialist və irqçi ruhlu açıqlamanı Facebook profilində paylaşan Nikol Paşinyanın mövqeyi aydındır.

Gözlənilən idi, zatən erməni ideologiyasında ən önəmli yer tutan mağara millətçiliyinin, cəlladlığın və ərazi iddialarının məcmusu olan “hayizm” mərəzinin daşıyıcıları arasında yer alan N.Paşinyan başqa, fərqli heç nəyi ne deyəcəkdi, nə də yazacaqdı.

Avroliqanın Bakı finalı bir çox mətləblərə işıq saldı, fərqli insanların çeşidli mövqelərini ortaya qoymaqla bahəm, həmin fərqlərin nə qədər məsafəli olduğunu göstərdi.

Dünən Bakıda baş tutmuş “Arsenal”-“Çelsi” qarşılaşması sıradan matç deyildi.

Matç ərəfəsində, mayın 28-də ölkənin radikal müxalifəti – AXCP, “Milli Şura” və Müsavat Naxçıvanda aksiyalar keçirdilər, öz aləmlərində Cumhuriyyətin 101-ci ildönümünü qeyd etdilər və Məmməd Əmin Rəsulzadəni andılar.

Fəqət…

Uduzdular, özü də biabırçılıqla

Azərbaycan Avroliqanın finalı kimi çox məsuliyyətli, ağır işin öhdəsindən şərəflə gəldi, yüz milyonlarla insanın maraq obyekti olan oyunun gətirdiyi sınaqdan ləyaqətlə çıxdı.

Halbuki…

“Çelsi”-“Arsenal” matçı ərəfəsində La-Manşın o tayında, Dumanlı Albionda Azərbaycanı və ölkəmizi Avroliqanın final matçının keçiriləcəyi ölkə seçmiş UEFA-nı hədəf alan əsl informasiya savaşı başlanmışdı. Britaniya mediasındakı “irad”lar çox fərqli idi. Məsələn, əvvəlcə Ermənistan yığmasının kapitanı və “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryanın “təhlükəsizliyi təmin olunmadığı üçün” Bakıya yollanmaqdan imtinası gen-bol müzakirə olundu.

Mxitaryanın Ermənistan XİN-nin tapşırığı ilə başladığı kampaniya sarsaq və sərsəmdi. Təsadüfi deyil ki, məşhur futbol ekspertləri, ötənlərdə futbol ulduzu olanlar, o cümlədən əfsanəvi Oleq Bloxin erməni futbolçunun demarşını “axmaqlıq” adlandırdılar.

Daha sonra azarkeşlər dalaşdılar. “Çelsi” və “Arsenal” fanatlarının tutaşmasını Britaniya ilə Ermənistanın mediası şişirtməyə çalışsalar da, nəticənin absurdluğunu görərək susdular. Çünki dalaşanlar Britaniya vətəndaşları idilər. Londonlu fanatlar isə ifrat aqressivlikləri və xuliqanlıqları ilə ad çıxarıblar.

Onlar Marsda olsalar belə, dalaşası fərdlərdir.

Daha sonra “Arsenal” klubunun rəhbərliyi “Bakıya yollanmaq çətindir” dedi, ermənilər də dərhal aktivləşdilər. İradlara görə, sən demə, Londondan Bakıya təyyarə ilə yollanmaq əsl zillət imiş. Bu səbəbdən də “Arsenal” UEFA-nın Avroliqa matçının finalına ayırdığı biletlərin yarısını qaytardı.

Məqsəd final matçında tribunaların boşluğuna nail olmaqdı.

Bu gediş də uğursuzluqla sonuclandı. Çünki matç zamanı Bakı Olimpiya Stadionunun tribunalarında 51 mindən çox tamaşaçı vardı.

Ermənistanın rəsmi dövlət strukturları, erməni diasporu, Britaniya mediasındakı aşkar ermənipərəst adamlar və “Mxitaryan aşiqləri” ilə yanaşı, Azərbaycanda yaşayıb Azərbaycana qənim kəsilənləri pərişan edən statistikadır bu.

Üstəlik, Bakı uğura imza atdı: UEFA statistikasına görə, məsələn ötən il Fransanın Lion şəhərində Marselin “Olimpik” və Madridin “Atletiko” klubları arasındakı final matçında tribunalarda 55768 nəfər vardı.

Göründüyü kimi, Bakıdakı matçla Liondakı qarşılaşma arasında tribunalardakı azarkeş sayı fərqi hədsiz kiçikdir.

Bakı 2020-ci ildə EURO-2020-in 4 matçını qəbul etməyə başlayır. Azərbaycan Avropanın 11 şəhəri ilə yanaşı, qitə çempionatının qarşılaşmalarına ev sahibliyi edəcək.

UEFA prezidenti Aleksandr Çeferin də Bakının matça hazırlığını və final oyununu keçirilməsi ilə bağlı görülmüş işləri yüksək dəyərləndirilib.

“Bakıda hər şey ideal səviyyədə hazırlanıb. Hər şey çox əladır, yüksək qonaqpərvərlik səviyyəsindədir. Düzünü desək, Bakıya qarşı irəli sürülmüş iddiaları anlamıram. Heç bir problem görmürəm. Təbii, britaniyalı azarkeşlər üçün Bakı ilə müqayisədə Londonda və ya Romada bilet almaq, otel bron etmək daha asan olardı. Lakin bu, o demək deyil ki, Bakıda və ya Bilbaoda matçlar keçirməməliyik”, – Çeferin deyib

Bakıdakı Avroliqa finalı alındı və dünya futbolunun tarixinə parlaq səhifə kimi düşdü.

Bunu Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts da təsdiqlədi: “Bakı UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi. Əla oyun idi. Əhsən Bakıya ki, iki komandamızın final oyununu möhtəşəm təşkil etdi. Stadion dünya standartlarına cavab verirdi”.

UEFA Avropa Liqasının Bakıda final oyununun uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.

Bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura – idman komplekslərinə, loqistikaya, xidmət sektoruna, təhlükəsizliyin təminatı sistemlərinə və s.-ə malik ölkədir.

Hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olinduğunu aydın nümayiş etdirdi.

Kifayət qədər azarkeş oyuna gəldi və bu bayramın iştirakçısına çevrildi, AZAL bütün reysləri qəbul etdi, hava limanında hər hansı problem yaşanmadı, otellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə təmin olundu.

Britaniyalı fanatların indiyədək istisnasız olaraq bütün matçlar ərəfəsində, matç əsnasında və matçdan sonrakı xuliqanlıq aksiyalarını, iğtişaşlarını nəzərə alsaq, Bakıda ən kiçik insidentin belə (!) qeydə alınmaması Avropa Liqasının final qarşılaşmaları ilə yanaşı, UEFA-nın mötəbər turnirlərinin tarixində rekord sayıla bilər.

Bakı bu minvalla “insidentsiz final” keçirən ən təhlükəsiz şəhər kimi tanındı.

Oyundan əvvəl fan-zonaların yüksək səviyyədə təşkili, azarkeşlərin ehtiyaclarının ödənilməsi, onlar üçün mümkün olan şəraitin yaradılması hamı tərəfindən etiraf olundu və xüsusi qeyd edildi.

Oyun günü istər azarkeşlərin stadiona gəlişi, stadionda matçı seyr etməsi, istərsə də geriyə dönüşü yüksək səviyyədə təşkil olundu, sıxlıq yaranmadı. Stadionu tərk edən azarkeşlərin rahat şəkildə nəqliyyata çatması və şəhərin müxtəlif nöqtələrinə çatdırılması məsələsi peşəkar şəkildə həll olundu.

Hüquq-mühafizə orqanlarının, asayiş keşikçilərinin peşəkar, sivil və mehriban davranışı, hətta içkili ingilis azarkeşlərinin süni şəkildə qarşıdurma yaratmaq cəhdlərinə qarşı dözümlü davranışı xüsusi diqqəti çəkdi, onların öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirdiyini aydın göstərdi.

Bütün digər böyük tədbirlərdə olduğu kimi, könüllülərin peşəkar fəaliyyəti ümumi işin rahat, sakit şəkildə həllinə böyük dəstək oldu. Bir daha göründü ki, Azərbaycanda könüllülük artıq bir hərəkat, institut kimi formalaşıb və gənclərimiz hər zaman dövlətin yanındadır, bütün işlərdə ona dəstək verirlər.

İstər Azərbaycanın rəsmi dairələrinin, dövlət orqanlarının olduqca səmərəli fəaliyyəti, mümkün problemlərin qabaqcadan müəyyənləşdirilməsi  və onların aradan qaldırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirməsi, istərsə də tədbirin əsas təşkilatçısı olan UEFA rəhbərliyinin prinsipial mövqeyi, bütün məsələlərə vaxtında müdaxilə etməsi və şayiələrə imkan yaratmaması tədbirin uğurla keçirilməsinin başlıca səbəbləridir. 

İki final: biri stadionda, biri Novxanıda

Bakı iki gündə iki finala səhnə oldu. Finallardan biri mayın 29-da Bakı Olimpiya Stadionunda, digəri isə mayın 28-də Novxanıda, Məmməd Əmin Rəsulzadənin abidəsi önündə oldu.

“Çelsi” və “Arsenal” arasındakı oyun Avropa Liqasının finalı, Britaniyanın və dünyanın məşhur klubları arasında yer alan iki komandanın qarşılaşması, həm də Azərbaycanın bu matçı təşkil etməsinin ən yüksək səviyyəsinin təzahürü oldu.

“Dünya Azərbaycan danışır” ifadəsi gurultulu, bəlağətli və klişe təsiri bağışlaya bilər. Amma gerçəkdən də, belədir.

Sosial şəbəkələrin trendləri arasında son iki gündə “Azərbaycan” və “Bakı” kəlmələri ilk üç yerdədir. Qlobal miqyasda, dünya çapında.

Azərbaycan bu final matçı ilə bütün bədxahlara, erməni həyasızlığına, bu həyasızlığı dəstəkləyən Britaniya mediasına tutarlı və konkret cavab verdi.

Final matçına hazırlığa minlərlə vətəndaşımız cəlb olundu, on minlərlə vətəndaşımız da dəstək verdi.

Sonuc bəlli: Bakı bir daha ulduz kimi parladı.

Bu, Xeyirin qələbəsi idi.

Novxanıda AXCP, “Milli Şura” və Müsavatın iki aksiyası biçarəlik girdabından qurtula bilməyərək küdurətlə hikkəsinin uçurumuna yuvarlanmış radikal müxalifətin məğlubiyyəti oldu.

Gerçəkdən də, uğursuzlar finalı idi: AXCP və “Milli Şura” birləşib yürüş etdilər, Müsavat isə onları bəyənməyib “əlahiddə və ayrı aksiya” keçirdi.

Cumhuriyyət Bayramında, Respublika Günündə bir araya gələ bilməyən Əli Kərimli və Cəmil Həsənli duetinin Arif Hacılı və İsa Qəmbər ikilisinə olan sonsuz iradları, ittihamları və intriqaları beləcə, müxalifətin finalına, onların illərdən bəri davam edən aqoniyasının bəlkə də son akkorduna çevrildi.

Və nə “təsadüf” oldusa, Azərbaycanı hədəfə alan xarici düşmənlərlə mayın 28-də Novxanıda polisi təxribata çəkməyə çalışıb “Azərbaycanın qəddar polisi” görüntüləri əldə etməyə çalışanların cəhdləri eyni, niyyətləri unison, istəkləri eyni oldu.

Azərbaycan bayrağının bilərəkdən dartışma obyektinə çevrilməsi, sosial şəbəkələrdə Əli Kərimlinin trol dəstəsinin hiperaktivləşərək “Novxanıda bayram keçirməyə qoymadılar” deməsi, AXCP sədrinin özünün Facebook-da paylaşımlarını bir-birinə calaması, xaricdəki “müstəqil bloqer”lərin vaysınmaları – bütün bu vakxanaliya, at izinin it izinə qarışdığı ortam, səslərin çığırtılara bülənd olduğu kakafoniya Novxanıda müxalifət finalının acı nəticəsini pərdələyə bilmədi.

Novxanıdakı iki aksiya radikal müxalifətin özünə qazdığı elektoratsızlıq məzarında intiharı oldu.

AXCP, “Milli Şura” və Müsavat şüarçılıqdan, siyasətin elementar prinsiplərindən bixəbərlikdən, yarıtmazlıq və zəiflikdən savayı ortaya heç nə qoya bilmədi.

… Bir tərəfdə Azərbaycanın təntənəsinə və zəfərinə çevrilən Avroliqa finalı, digər tərəfdə məğlubiyyətlərini maniakal inadla etiraf etmək istəməyənlərin bağırtılara bələnmiş gerilik yürüşü.

Finallar fərqli olsa da, qalib gələn Azərbaycan oldu.

Şərh əlavə et