Elçin Alıoğlunun

Azərbaycanda bəlanın ikinci dalğası ola bilər

Azərbaycanda karantin rejiminin şərtlərinin və tələblərinin yüngülləşdirilməsi prosesi başlanıb. Amma bu proses hər an dayana bilər. Hətta geriyə qayıdış da istisna olunmur: daha sərt şəkildə, daha ağırlaşdırılmış qaydalarla.

Səbəb bəsitdir. Yetər ki, küçəyə çıxın və Bakı sakinlərinə baxın.

Tam əksəriyyəti maskasız, sosial izolyasiya məsafəsinə riayət etmədən yeriyən, sanki heç nə olmamış kimi davranan insanlar.

Halbuki COVİD-19 koronavirusu bəşər övladının indiyədək üzləşdiyi ən təhlükəli bəlalardan biridir.

Əfsuslar olsun ki, bunu vətəndaşlarımız arasında anlayan azdır.

Karantin rejiminin yumşalmasını koronavirus bəlasının tam sovuşması sananlar, “əşşi, mənə heç nə olmaz” deyənlər artıq anlamalı ki, sadəcə, öz sağlamlıqları ilə yox, ailə üzvlərinin, tanışlarının və iş yoldaşlarının, habelə əsla tanımadıqları onlarla insanın həyatını riskə atırlar.

Karantin rejimindən usandıqlarını deyirlər.

Rejimin aradan qalxmamasının səbəbkarı isə belə vətəndaşlardır.

Dünya ölkələrində isə durum fərqlidir.

Yaponiyanın iqtisadiyyatın bərpası ilə bağlı işlər üzrə naziri Yasutosi Nisimuranın dediyinə görə, ölkədə karantin rejiminin müddəti mayın 31-dək uzadılır. Səbəb trivialdır: “Gündoğar ölkə”də karantin rejiminin tələblərinə tam əməl olunmur.

Polşada bu gündən etibarən otellər və ticarət mərkəzləri açılıb. Sadəcə, otellərdə uşaq otaqlarından, hovuzlardan istifadə etmək, diskotekalar keçimək yasaqdır. Bundan başqa, Polşada ən yaxın günlərdə muzeylər, art-qalereyalar, kitabxanalar, arxivlər və kitab dükanları fəaliyyətlərini bərpa edəcəklər.

Serbiyada martın 15-dən bəri tətbiq olunmuş fövqəladə vəziyyət bu həftənin sonunda ləğv olunacaq. Bu gündən etibarən avtobuslar və dəmiryol nəqliyyatı işə düşür, ticarət mərkəzləri, kafelər və restoranlar açılır.

Fransa isə Avropa Birliyindən və Britaniyadan gələnləri artıq 2 həftəlik karantinə yollamayacaq. Buna rəğmən, ölkədə fövqəladə sanitar rejim iyulun 24-dək uzadılıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusun ikinci dalğasının birincisindən daha çox ölümcül ola biləcəyini açıqlayıb.

Növbəti qış aylarının əvvəlki aylara nisbətən daha çətin olacağı ehtimal olunur. İkinci dalğanın qrip mövsümünə təsadüf etməsi mümkündür. Bəs Azərbaycanda virus nə vaxt bitəcək? Kanatin rejimində yumşalma baş verərsə, vətəndaşlar artıq xəstəliyin bitdiyini hesab edə bilər?

Koronavirusdan sağalanların sayının çox, yeni yoluxanların sayının isə az olması ümidverici rəqəmlər olsa da, mütəxəssislər karantin qaydalarına əməl etməyi məsləhət görür.

Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sədrəddin Atakişizadə deyir ki, prezidentin əksepidemik tədbirləri nəticəsində ölkədə yoluxanların sayı digər ölkələrə nisbətdə azdır. Amma bu rəqəmlərə arxayın olub qaydalara əməl etməsək, yenidən yoluxma sayı arta bilər.

Mütəxəssis deyir ki, infeksiya ölkəmizdə axırıncı yoluxma halı kəsildiyi vaxta qədər davam edəcək.

Koronavirusa qarşı əsaslı mübarizə aparan ölkələrdən biri Almaniyada da bu məsələyə həssaslıqla yanaşılır.

Heç inanmaq olmur ki, almanlar bax belə günəşli havanın cazibəsi qarşısında davam gətirə bilib evdə qaldırlar. Adətən almanlar günəşli havalarda parklara çıxırlar, günəş qəbul edirlər. İndi isə evdə qalıblar.

Qeyd edək ki, bu günə qədər Almaniyada 148 mindən çox insan koronavirusa yoluxub 5100 nəfər isə dünyasını dəyişib.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitunun direktoru Fauki koronavirusla bağlı yeni açıqlama verib.

“Bu virus bir anda yer üzündən silinməyəcək. Bu da o deməkdir ki, koronavirusun ikinci dalğasının baş verməsi qaçılmazdır. Virus gələcəkdə yenidən ortaya çıxacaq, bəlkə də heç vaxt məhv olmayacaq” sözlərini deyib.

Fauki, həmçinin ştatların karantin qaydalarını vaxtından tez yumşaldılmamalı olduqlarını da bildirib.

“İkinci dalğa dediyimiz, əslində, birinci dalğada xəstələnməyən insanların virusa yoluxmaları nəticəsində ortaya çıxan bir şeydir”, – bunu isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı mətbuat konfransında Azərbaycanda gözlənilən koronavirusun ikinci dalğasının təhlükə dərəcəsindən danışarkən deyib.

Hande Harmancı koronavirusun növbəti dalğalarını daha böyük təhlükənin qarşısını almaq baxımından uyğun sayıb:

“İkinci dalğa dediyimiz, əslində, birinci dalğada xəstələnməyən insanların virusa yoluxmaları nəticəsində ortaya çıxan bir şeydir. Biz bu epidemiyanı ölkədə “basdırmağa” çalışdığımıza baxmayaraq bilirik ki, virusa qarşı müxtəlif tədbirlər görülsə də ikinci dalğa başlayacaq. Əgər gördüyümüz qabaqlayıcı tədbirlər uğurlu alınarsa, ikidən çox dalğa da ola bilər. Çünki bu virusu “basdırmaq” lazımdır, əlimizi çəkdiyimiz zaman bir az yenə yuxarı çıxacaq, çıxdığını görüncə yenidən basdıracayıq. O zaman əlimizi bir az çəkincə üçüncü dalğa da baş verəcək. Üçüncüyə qalib gəldikdə əlimizi çəkincə dördüncü dalğa da başlaya bilər.

İstədiyimiz şeydir bu əslində. Çünki tək dalğa olarsa, o dalğanın fəsadları çox böyük olacaq, çox insan çox sürətlə virusa yoluxacaq, onu istəmirik. Nə istəyirik, yavaş-yavaş, kiçik dalğalar yaratmaq istəyirik ki, səhiyyə sistemimiz qarşısını ala bilsin”.

… Maksimum dərəcədə sayıq, diqqətli və ehtiyatlı olmalıyıq. Koronavirusun ikinci dalğasının Azərbaycanı vurmasını istəmiriksə…

Şərh əlavə et