Elçin Alıoğlunun

AXCP və “Milli Şura” faciəsi: məğlublar indi xalqı günahkar görür

Azərbaycanın daxili siyasətində çatışmayan əsas məsələ aşkar, dürüst, məntiqli çıxışlar, mətnlər və istəklərdir. Müxalifət nə etmək istəyir, planı nədir, təklifləri necədir? Yenə də həmişəki kimi, “Bütün pislərə qarşı ən yaxşılar”?

Əslində, bunu müxalifətsiz də edirik.

“İndiki kimi yox”, “hakimiyyət kimi yox, daha fərqli”  tipli vədlər də o qədər köhnəlib və mənasını itirib ki, heç bir konkretliyi olmayan söz yığını artıq ikrah doğurur.

Müxalifətdəki partiyaların liderləri bir dəfə olsun belə, özlərinə sual veriblərmi ki, onların onillərdən bəri davam edən uğursuzluqlarının, bacarıqsızlıqlarının və hansısa potensialdan məhrum olmalarının sirri bəlkə elə özləridir?! Üstəlik, fasiləsiz xitab edərək “mənim xalqım” adlandırdıqları cəmiyyətin ölkədəki durumdan qismən narazı olsa da, toplam halda razı qalmasındadır bəlkə?

Təbii, hər şey yaxşı deyil. Amma sosial yaşamda və hakimiyyətin yürütdüyü siyasətdə əksər məqamlar normaldır. Cəmiyyət, vətəndaşlar da bu səbəbdən “tam fərqli” istəmirlər.

Ümumiyyətlə, radikalların vəd etdikləri “fərqli”nin yaxşı olmadığını insanlarımız əla anlayırlar.

Bütün “rəngli” inqilabların başlanması və gedişatı kimi, sonucu da eynidir. Belə “inqilab”lardan sonra fəlakət başlanır. Sadəcə ideoloji yox, həm də siyasi, iqtisadi, sosial, maliyyə böhranları.

AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, Demokrat Partiyasının başçısı Sərdar Cəlaloğlu, marionet “Milli Şura”nın guya sədri Cəmil Həsənli, REAL dərnəyinin manqa başçısı İlqar Məmmədov – siz, ümumiyyətlə, ölkə idarə etməyin nə olduğunu bilirsiniz?

“Rəngli inqilab”dan sonra ümumiyyətlə, söz azadlığı olmur.

Sosial şəbəkələrdə onları tənqid edənlərə təhqir, məsləhət verənlərə aşağılama, yol göstərməyə çalışanlara barmaq göstərənlər, “bizimlə olmayan bizə qarşıdır” məntiqi ilə yaşayıb fəaliyyətdə olanların hakimiyyətə nə zamansa gəlmələri, sadəcə, mümkün deyil.

Fəqət, bir anlıq təsəvvür edin ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və müxalifət floristikasının digər mənsubları koalisiyon hökumət qurmağa çalışırlar.

Ya da düşünün ki, Əli Kərimli inzibati resurslara yiyələnib və onu tənqid edən, onun siyasi mövqelərini və fəaliyyətini təqdir etməyən jurnalistlərlə “münasibət”lərini aktivləşdirir.

Həmin olmayası dövrdə olacaqları, yaşanmayacaq dönəmdə yaşanacaqları təxminləmək asan, ehtimal etmək ondan da sadədir.

Narazılar cəzalanacaq, “dəstəkləməyən” saytlar bağlanacaq.

Bundan başqa, indiki “bəy”lər hakimiyyətdə olsalar, hazırda səsləndirdikləri vədləri necə yerinə yetirəcəklər? Təqaüdləri və müavinətləri nəyin hesabına artırıb İsveçrə, Norveç, Sinqapur səviyyəsinə çatdıracaqlar? Axı indi elə vədlər verirlər.

Azərbaycanda indi gerçəkdən də, siyasi məhbus yoxdur.

Əli Kərimlinin hakimiyyəti isə mütləq şəkildə yüzlərlə, minlərl siyasi məhbus deməkdir.

Bəs belədirsə, hər nüansın qeyri-stabil, çevrilişlərin və “inqilab”ların bir-birlərini əvəzləyəcək, hakimiyyətdə fanatik şizoiklərin yer alacağının əsla istisna edilmədiyi ölkədə vətəndaşlar yaşamaq istəyəcəklərmi?

Çətin.

Radikal müxalifət məhz sadaladığım səbəblərdən hakimiyyətə gələ bilməyəcək.

Bunu AXCP sədri və bloqer Əli Kərimlinin, habelə Tofiq Yaqublunun, Qubad İbadoğlunun, İlqar Məmmədovun, Sərdar Cəlaloğlunun və digərlərinin son bəyanatları, çıxışları və “müstəqil bloqer”lərin YouTube kanallarına müsahibələri də bir daha təsdiqləyir.

Əli Kərimli sosial şəbəkələrdəki ifrat narazılığında və məntiq çərçivəsinə çətinliklə sığan bəyanatlarında bədbinləşərək siyasətçi adekvatlığının antirekordunu vurub. Belə ki, o, Avropa ölkələrindəki və ABŞ-dakı “müstəqil” bloqerlərə müsahibələrində xalqdan şikayətlənib, xalqı apatiyada, astagəllikdə, inqilabi demokrat ruhda olmamaqda suçlayıb.

Digər müsahibəsində isə o, Facebook səhifəsində paylaşımlarına və YouTube-dakı müsahibələrinə çox az “like” gəldiyini, yəni bəyənmələrin “yetərincə” olmamasını vurğulayaraq şikayətlənib.

Burada, amerikalılar demişkən, “stop”.

Bir daha təkrarlayaq: Əli Kərimli gileylənir ki, onun sosial şəbəkələrdəki impulsiv, hədə və nifrinli paylaşımlarını az adam oxuyur, videomüsabihələrinə az adam baxır.

Təxmini, orta statistik rəqəm 8-9 min nəfərdən artıq deyil. Yəni Azərbaycanda ortabab xəbər saytında sıradan bir yazının oxucularının sayı qədər.

AXCP sədrinin sosial şəbəkələrdəki trol dəstəsinin rəhbəri olduğunu, bunun da indiyədək dəfələrlə sübuta yetirildiyini və hətta “Feminist İsgəndər” olayının da ortaya çıxdığını nəzərə alsaq, Əli Kərimlinin ən müxtəlif saxta profillərdən belə, istifadə etməsi ilə bağlı iddiaların realıq şansı xeyli artır.

Hər halda, həmin profillərdən sadəcə, birinin – “Dadaş Dadaşlı”nın gerçək sahibinin və müəllifinin kimliyi sual doğurmur artıq.

Əli Kərimli etiraf edir ki, sosial şəbəkələrdə onun real tərəfdarlarının sayı 8-9 mindən artıq deyil. Həmin “tərəfdarlar”ın əslində saxta profilər yığnağı olduğunu da yada salsaq, real insanların sayı 1-2 min nəfər təşkil edir. Və ən nəhayət, həmin adamların bəlli qismi, ümumiyyətlə, Azərbaycanda deyil.

AXCP sədri bu kiçik qrupla hakimiyyətə meydan oxuyur, iqtidara gəlmək istəyir?! O, xalqın verdiyi messidji, vətəndaşların AXCP proqramına, fəaliyyətinə və ələlxüsus da bu partiyanın liderinə etimadsızlıq göstərdiyini anlamır?!

Anlayır. Lakin yenə də əvvəlki səhvlərini təkrarlayır və hələ də ümid edir ki, postsovet məkanında “inqilab”ları vətəndaşlar, xalq edir.

Halbuki istisnasız olaraq bütün “rəngli” inqilabların ssenari müəllifləri bu qadalı olayların yaşandığı ölkələrdən çox uzaqlarda olur.

Məsələn, postsovet məkanını sosial eksperiment və siyasi sınaqlar meydanı kimi görərək, merkantil maraqlarını tam təmin etməyə çalışan Corc Soros kimi.

Əli Kərimli ilə bahəm, radikal müxalifətdəki bütün “lider”lər sidq-ürəkdən düşünürlər ki, ən müxtəlif sosial qruplardan, maraq daşıyıcılarından ibarət sosial kütlələr bir araya gələcək, küçələrə çıxacaq, onları irəliyə aparacaq, hakimiyyəti devirəcək və viran qalan idarəetmə konstruksiyalarının üzərində “demokrat”ların bayraqlarını dalğalandıracaqlar?!

Əli Kərimlinin hansı siyasi şüur, taktiki fəhm və strateji düşüncə sahibi olduğunu onun Azərbaycanı sürəkli olaraq Venesuela, Somali, Sudanla müqayisə etməsi ortaya qoyur.

AXCP sədrinin, həm də bloqerin nəzərinə çatdırım ki, sudanlılar, venesuelalılar və somalilər küçələrə sırf siyasi tələblərlə çıxmayıblar. Onlar dözülməz həddə çatmış hiperinflyasiyadan, sonu görünməyən bahalaşmalardan, xaosdan, dövlət qurumlarının öhdəliklərini yerinə yetirməməsindən, aclıqdan, işsizlikdən narazılıq edərək yürüşlər edirlər.

Onların hiddəti son həddə çatıb, səbr kasaları daşıb.

Azərbaycanda isə belə vəziyyətin ən minimal oxşarı belə, yoxdur. Tam əksinə, ölkəmiz regionla yanaşı, postsovet məkanında dinamik inkişafda olan dövlətlərdən biridir.

Ölkədəki radikal müxalifət isə müasir siyasi mübarizənin nəzəriyyə və praktikasından, metodologiyasından, sosial şəbəkələrdən təyinatı üzrə istifadənin formalarından, bu şəbəkələr vasitəsilə kütlənin sosial və siyasi fəallığının artırılma yollarından ümumiyyətlə, bixəbərdir.

Hakimiyyətə gələcəkləri təqdirdə, ölkəni idarə etmək üçün proqram və komandası olmayan müxalifət partiyalarının əyalət düşüncələrinə görə, onlar bacararlar.

Amma necə? Bu adamların axı nazir postlarının hamısına təyinatlar edəcək sayda kadrları belə, yoxdur.

Olan boşboğazlıq, demaqogiya, boş vədlər, real siyasətlə heç bir əlaqəsi olmayan fəaliyyətdir.

Xalqın ona, yəni onun timsalında indiki müxalifətə inanmadığını etiraf edən Əli Kərimli, habelə radikal müxalifət düşərgəsindəki digər fiqurlar nəyə güvənirlər?

Axı ortada effektiv siyasi fəaliyyət, təşkilatlanma, insan kapitalı və siyasi resurslar, maliyyə imkanları, milli burjuaziyanın, yəni sahibkarların dəstəyi, ən başlıcası isə hakimiyyətdə ola biləcək bu və digər qrupun dəstəyi yoxdur.

Hakimiyyət ümumiyyətlə, monolit düşərgə təsir bağışlayır və Əli Kərimlinin özünə tərəfdaş saydığı müxalif partiya liderlərinin də total əksəriyyəti elə hakimiyyətdən preferensiyalar almağa müştaq, anlaşmağa hazır, xidmətə amadədir.

Ona görə də Əli Kərimli və onun tipli müxaliflər bundan sonra da sosial şəbəkələrdə həvəskar ekspertlik etməyə, xəyallarındakı reallığı şərh edib qəzəblənməyə məcburdur.

Başqa yolları, seçimləri yox çünki.

Şərh əlavə et