Elçin Alıoğlunun

“Amerikanın səsi” boğuq çıxır, “Azadlıq”sa köləyə dönür – GÜNÜN MÖVZUSU

Çexiya. Praqa. Dördmərtəbəli beton kub – “Azadlıq Radiosu”nun mənzil-qərargahı. Bina az qala ABŞ səfirliyindən yaxşı qorunur: hündür hasar, daxildə və xaricdə yüzlərlə müşahidə videokamerası, gülləkeçirməyən şüşələr, zəhərli qaz hücumundan müdafiə sistemi və muxtar elektroenerji təminatı.

Hərbi obyekt kimi inşa olunmuş bu binanın bir neçə yeraltı mərtəbəsi var. Həmin mərtəbələrdə məxfi sənədlər, lent yazıları, arxiv saxlanır.

Binadakı liftlərin heç birində düymələr yoxdur. Əməkdaşlar elektron vəsiqələri ilə yalnız işlədikləri mərtəbəyə qalxıb-enə bilərlər. Zərurət yarananda binanın ağır dəmir qapıları qapadılır və ora bunkerə çevrilir.

“Demokratiya uğrunda mübarizə aparan, insan haqları və vətəndaş cəmiyyəti prinsiplərini təbliğ edən” radiostansiyaya belə təhlükəsizlik tədbirləri gərəkdirmi?

Tarixə qayıdaq.

“Azadlıq Radiosu” 1953-cü ildə yaradılıb və ilk əməkdaşlarının siyahısına baxsaq, bəlli məqsəd vardı. Məsələn, Azərbaycan redaksiyasının “ulduz”u Əli Aran İkinci Dünya Müharibəsi illərində nasistlərlə əlaqədə olmuşdu. Tatar-başqırd redaksiyasının direktoru Qarif Sultan da nasistlərlə əməkdaşlıq etmiş, hətta Yozef Göbbelsin qəzetlərində yazılarını da dərc etdirmişdi. Məhz onun çuğulluğu sayəsində tatar şair Musa Cəlil tutularaq edam olunmuşdu.

Gürcü redaksiyasının rəhbəri Aleksandr Kuçuxidze SS-dəki milli legionlarda verbovka ilə məşğul olmuşdu.

Erməni redaksyiasının rəhbəri, sonra mədəniyyət şöbəsinin “boss”u olmuş Varazdat Şauni nasist Almaniyasında polisaylıq etmişdi.

Nasistlərə xidmət etmiş satqın jurnalistlərin az qala hamısı İkinci Dünya Müharibəsi başa çatandan sonra ABŞ-a aparılmışdılar.

Amerikalılar da özlərinə əziyyət vermədilər, Yozef Göbbelsin hazırladığı “sınanmış texnologiyaları” yenidən tətbiq etdilər. Beləcə, “Amerikanın səsi” və “Azadlıq Radiosu” radiostansiyasının özəklərini bir zamanlar nasistlərin təbliğatçıları olmuş şəxslər təşkil etdilər.

İllah da ki, hədəf dəyişməmişdi – SSRİ nişangahda idi.

İndi “Amerikanın səsi” və “Azadlıq radiosu” özlərini müstəqil, özəl media strukturları adlandırırlar.

Lakin bu radiostansiyalarda işləyən kimsə çalışdıqları qurumların real sahiblərinin adlarını çəkə bilmirlər. Çünki məlumatları yoxdur və onlara, ümumiyyətlə, bu barədə danışmaq “məsləhət bilinməyib”.

Rəsmi məlumatlara görə, bu radiostansiyalar ABŞ Konqresi tərəfindən xüsusi, Yayım İdarəçiləri Şurası (Broadcasting Board of Governors , BBG) tərəfindən maliyyələşdirilir. BBG-nin rəhbərliyində ABŞ-ın dövlət katibi də var.

“Bizə verilən göstərişlər əsasında reportajlar və xəbərlər hazırlayırıq. “Azad və demokratik dünya” sayılan ölkələri, xüsusilə də ABŞ-ı tənqid etsən, dərhal işdən qovulursan”, – “Azadlıq” radiostansiyasının artıq sabiq əməkdaşlarından olan K.Ağamirov deyib.

“Azadlıq” radiosunda korrupsiya və yeyinti faktlarının az olmadığı ilə bağlı iddialar çoxdur. Məsələn, radiostansiyanın Moskva bürosunun rəhbərinin Tver küçəsində nəhəng mənzili və dəbdəbəli Rublyovka səmtində malikanəsi olduğu deyilir.

Olsun, amma halal pullarla alınsın. Əfsuslar olsun ki, ezoterik “haram”-“halal” məsələsi bəhs etdiyim radiostansiyalardan kənardır.

Bunu anlamaq üçün son günlərin olaylarına “Amerikanın səsi” və “Azadlıq” radiostansiyalarının verdikləri reaksiyalara, sərgilədikləri münasibətlərə nəzər salmaq yetər.

Dünyanın müxtəlif ölkələrində soydaşlarımızın səfirliklərimiz və konsulluqlarımızın önünə yığışaraq Azərbaycana, ordumuza, Ali Baş Komandana dəstək aksiyaları keçirən soydaşlarımızın vəhşiləşmiş erməni yığnaqlarının hücumlarına məruz qalması əyan hadisələrdir.

ABŞ-ın Los-Anceles şəhərindəki konsulluğumuzun, London, Varşava və Brüsseldəki səfirliklərimizin qarşısında ermənilərin hücumlarına məruz qalan azərbaycanlıların geri çəkilməmələri, bayraq və Vətən sevdalısı olduqlarını sübut etmələri sivil cəmiyyətdə normal aksiya sayılır.

İllah da ki, həmin aksiyaların hamısı dinc səciyyəli olub. Fəqət, azğın ermənilərin neonasist stildə daş, dəmir kəsikləri, butulka və s.-dən istifadə etdikləri hücumlarına hədəf olub.

Həmin ölkələrin hüquq-mühafizə orqanları hadisələri araşdırır. Onlarla erməni məsuliyyətə cəlb olunub. Yəni azərbaycanlıların dinc aksiya keçirmələri, ermənilərinsə vandal və barbar davranışları təsdiqlənib.

Belə durumda “Amerikanın Səsi” və “Azadlıq” radiostansiyalarının soydaşlarımızı aşağılayan şərhlər paylaşması, Azərbaycana qarşı aqressiv, qərəzli və heç bir məntiqə sığmayan mövqe tutması təəccüblə qarşılanardı: həmin strukturların strategiyası və taktikasına bələd olmasaydıq.

ABŞ Dövlət Departamentində illərdən bəri kök salaraq kuluarlarda sürəkli olaraq Azərbaycana, habelə müstəqil siyasət yürüdən və qlobal güclərdən asılı qalmamağa çalışan dövlətlərə qarşı siyasəti bəlirləyən şəxslərin ssenariləri əsasında olan davranışa niyə heyrətlənməliyik ki…

Çağdaş postliberalizm dünyası, təbii ki, demokratik inkişaf ehkamlarından uzaqdadır. Güc həqiqət sayılır – həqiqət güclü deyil. Liberal və postmodernist qloballaşmanın zirvə nöqtəsi olan çağdaş dünya faktiki olaraq Qərbin siyasi yönləndirməsindən asılı durumdadır. Bu isə heç bir halda bəşəriyyətin siyasi-ictimai və elmi-texniki, habelə mənəvi inkişafına uyğun olmadığından bir sıra dövlətlər Qərbin tam inhisarını qəbul etmirlər.

Qərb də “qızıl milyard” ideologeminin tükəndiyini, ciddi siyasi islahatlara zərurət duyulduğunu anlayır və transmilli maliyyə oliqarxiyası vasitəsilə hökmranlığını davam etdirərək özü üçün riskləri minimuma endirməyə çalışır.

Məhz həmin şəxslərin, onların təmsil etdikləri qüvvələrin birbaşa əmr və göstərişləri əsasında Azərbaycana qarşı yeni kampaniyanın aparılması gözləniləndi.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nizamlanma prosesində Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsi, Ermənistan-Azərbaycan sərhədində iyulun ortalarındakı insidentdə erməni hərbçilərinin hücum cəhdlərinin qətiyyətlə alınaraq Ermənistanın ağır itkilərə düçar edilməsi ilə yanaşı, rəsmi Bakının xarici siyasətdə hücum diplomatiyasına keçidi bu qüvvələri ciddi narahat edib.

Müxtəlif ölkələrdə soydaşlarımızın Azərbaycana dəstək məqsədilə keçirdikləri dinc aksiyalara ən müxtəlif, paranoidal təfəkkür məhsulu olan “təhlil və şərh”lər vasitəsilə tam fərqli səciyyə verilməyə edilən cəhdlər, hadisələrin tərsinə təqdimatı da bununla bağlıdır.

“Azadlıq” və “Amerikanın səsi” radioları onillərdən bəri dəyişmədikləri mexanizmlərin cırıltılı səsinin müşayiəti ilə “insan haqları, demokratik dəyərlər, vətəndaş cəmiyyəti” və s. aberrasiyaların ətəyinə yığılmış ifadələri sıralayırlar.

Onlar bu dəfə “yenilik” etmək fikrinə düşərək dezinformasiya və feyk-nyus əməliyyatlarında AXCP, “Milli Şura” kimi siyasi potensiyasını çoxdan itirmiş siyasi təşkilatlarla yanaşı, xarici ölkələrdə maliyyələşərək Azərbaycanı hədəfə alan mikroskopik “müstəqil bloqer və ictimai fəal”lardan, bu siyasət toplananlarına dönərək siyasi Toplanlar olmadıqlarına and-qəsəm edənlərdən yararlanırlar.

Məqsəd çox primitivdir: soydaşlarımızın xaricdəki aksiyalarını gözdən salmaq, cəmiyyətdəki vətənpərvərlik ruhunu zədələmək, xalqla ordu arasındakı qırılmaz bağlara ironiya etmək.

Belə vəziyyətdə beynəlxalq hüquq-müdafiə təşkilatları olduqlarını vurğulayan qurumlardan səhih, gerçək və ədalətli mövqe gözləmək əbəsdir.

Çünki onlar qurumlardır: sözün “təşkilat” mənası yox, his mənasında olan strukturlar.

Qurumlu və hisli olanların bəyaza bəyaz deməsi isə müşkül məsələdir.

Şərh əlavə et