Elçin Alıoğlunun

Əsrə meydan oxuyan “Əsrin Müqaviləsi”: milli uğur strategiyası

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı,firəvan həyatı, müstəqil azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

 (Heydər Əlirza oğlu Əliyev)

1994-cü il sentyabr ayının 20-də Bakıdakı “Gülüstan” sarayında Heydər Əliyev “Əsrin Müqaviləsi” adlanacaq anlaşmanı dövrün şah əsəri kimi əsrlərin tarixinə qızıl hərflərlə yazdı. Bəli, məhz Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində həmin tarixdə əsrə sığmayan “Əsrin müqaviləsi” adlı tarix bütün bəşəriyyətin gözü önündə yarandı. Bəs bütün bunlar necə baş verdi?

“Əsrin müqaviləsi”nin imzalanmasından 1 il əvvəl, yani 1993-cü ildə ölkə başında Əbülfəz Elçibəy idi. Təbii ki, belə bir dövrdə ölkənin tam iqtisadi və siyasi böhran həddinə gəlib çatması həm ölkə başçısını, həm də Azərbaycan xalqını narahatçılıq içində yaşatmaya bilməzdi. Belə bir zamanda ölkə başçısı Əbülfəz Elçibəy təcili olaraq xarici dövlətlərlə iqtisadi və siyasi əlaqələr qurmağı vacib bildi. Böhrandan yaxa qurtarmaq üçün Azərbaycan Xəzərin neft və qaz ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsi yolunu tutdu.

Sözsüz ki, bu yol Azərbaycanın xarici şirkətlərdən yardım almaq yolu ilə öz iqtisadiyyatını qurmaqla yanaşı, dövlət müstəqilliyinin qorunub saxlanılması məsələsini də güdürdü. Artıq beynəlxalq şirkətlərdən “British Petroleum” şirkəti ilə əlaqələr sürətlə genişlənirdi. 1993-cü ilin yayında ilkin neft müqaviləsi belə imzalanmağa hazır idi. Elə həmin ilin may ayında  ARDNŞ ilə bir neçə Qərb neft şirkəti arasında Azərbaycan neftinin birgə işlənməsi haqqında bəyannamə imzalandı. Bu bəyannamədə “Azəri” , “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi nəzərdə tutulurdu. 7 şirkətin – ARDNŞ, Böyük Britaniya – Norveç alyansı olan “British Petroleum – Statoil”, ABŞ-ın “Unocal”, “MacDermott”, ABŞ – Böyük Britaniyanın “Pennzoil” və Türkiyənin “Turkish Petroleum Corporation” Bəyannamədə iştirakı və bəyannaməni imzalaması hər bir şirkətə müəyyən olunmuş qədər pay ayırdı. İşlərin belə sürətlə getməsi 1993-cü ilin yazında Azərbaycan neftinin nəql olunması məsələsini gündəmə çıxardı. Bütün bunlar həmin ilin martında Azərbaycan və Türkiyə arasında Bakıdan Türkiyənin Aralıq dənizi sahillərinə İran ərazisindən keçməklə neft kəmərinin tikintisi haqqında dəyəri 1,4 milyard ABŞ dolları olan müqavilə hazırlanması ilə nəticələndi.

1993-cü ilin iyununda Qərb şirkətləri ilə Londonda imzalanmalı olan müqavilə imzalanmadı. Buna əsas səbəb isə Əbülfəz Elçibəyin Bakını tərk edərək Naxçıvana getməsi oldu. Baş verən bu hal müqavilənin imzalanması ilə yanaşı, artıq gerçəkliyə çevrilməkdə olan ölkə iqtisadiyyatının inkişafının pik həddinə çatmasının da üstündən xətt çəkdi. 1993-cü ilin oktyabr ayında xalqın dəvəti ilə Azərbaycana gəlmiş Heydər Əliyev ölkə başçısı seçildi. 1994-cü ilin əvvəllərində Heydər Əliyev Azərbaycan Xəzər neftinin xarici neft şirkətləri ilə birgə işlənməsi üçün intensiv danışıqlar aparmağa başladı. Ulu öndər Heydər Əliyev öz ölkəsinin yeni neft strategiyasının işlənib hazırlanması üçün çalışırdı. Həmin ildə Azərbaycan qeyri-sabit ictimai-siyasi quruluşa malik son dərəcə riskli ölkə sayılırdı. Heydər Əliyev ən iri maliyyə korporasiyalarının münasibətini dəyişməyə, onları inandırmağa nail oldu ki, Azərbaycanda bərqərar olmuş yeni dövran ciddi və həmişəlikdir. Ümummilli liderimiz neft müqavilələrinin yenidən işlənib hazırlanması üçün durmadan çalışırdı. Belə ki, dövlət iqtisadiyyatının inkişaf relsinin üzərinə keçirmək üçün ölkə prezidenti Heydər Əliyev öz dahi siyasətini həyata keçirərək önəmli addımlar atmağa başladı. 1994-cü ilin  fevralında Azərbaycan prezidenti Heydər Əliyev Böyük Britaniyaya mühüm səfər etdi. Bu səfər zamanı Azərbaycan-Böyük Britaniya arasında “Neft sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilə imzalandı. Bundan başqa, “British Petroleum” şirkətinə “Azəri” və “Çıraq” yataqlarının işlənməsi üzrə yaradılmış beynəlxalq konsorsiumda Qərb iştirakçıları üçün ümumi investisiya payında 31 faiz yer ayrıldı. Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərindən sonra beynəlxalq konsersiumda neft yataqlarının işlənməsi barədə danışıqların aparılması rəsmi səviyyədə sürətləndirildi. 1994-cü ilin yazında və yayında Hyuston və İstanbulda danışıqların son mərhələsini aparan Azərbaycan nümayəndə heyyəti milli maraqlara tamamiylə cavab verən müqavilə şərtləri imzaladı.

… Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.

Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı”.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı. “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton oldu, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatdı və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edildi; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.

“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olub. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı.

1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunub. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql edilib.

Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 2007-ci ilin sonunadək Bakı-Supsa kəməri ilə 45 milyon 542 min ton neft nəql edilib. 1997-ci ildə Azərbaycanda neft hasilatı 9 milyon ton idisə, 2007-ci ildə bu rəqəm 40 milyon tonu keçib.

Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə “Dədə Qorqud” (keçmiş “Kaspmorneft”) yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50-475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu “İstiqlal” (keçmiş “Şelf-5”) yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50-700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə “Azəri-Çıraq-Günəşli” yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış “Kaspian Drillinq Kompani” müştərək müəssisənin tərkibində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına “Lider” qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Bu “əsas ixrac neft kəməri”nin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcək, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb olacaq.

Neft-qaz sektoru indi də Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan SSRİ-nin mövcudluğunun son illərində durğunluğun yarandığı sahənin inkişafında böyük uğurlara nail oldu. Bu sahə dirçəlməyə başladı. Həm quruda, həm də dənizdə yataqların işlənməsi ilə bağlı bir sıra müqavilələr imzalandı. Nəticədə Azərbaycan “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağı kimi əfsanəvi karbohidrogen yataqlarını dünyaya hədiyyə etdi.

Azərbaycan artıq dünya bazarında özünü etibarlı neft ixracatçısı kimi təsdiqləyib və hazırda Azərbaycan qazının Avropa ölkələri bazarına çıxarılması istiqamətində aktiv işlər görülür. Artıq qazın Türkiyə ərazisindən Avropa sərhədlərinə nəql olunmasını təmin edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə bağlı qərar qəbul edilib. Həmçinin bu ilin iyun ayında Trans-Adriatik boru kəməri (TAP) Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib. Azərbaycan qazının Avropaya nəqli yolunda növbəti addım “Şahdəniz” konsorsiumu və Avropanın qaz alıcıları arasında bağlanan sazişlər olub.

Yenə də faktlara üz tutaq.

1997-ci ilin noyabrında ilk hasilat başlanandan bu ilin ikinci rübünün sonunadək “Əsrin Müqaviləsi” və ya “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindən 488 milyon ton (3,6 milyard barreldən artıq) neft hasil edilib.

Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3,3 milyard barrel AÇG nefti dünya bazarına göndərilib.

2006-cı ildən bəri AÇG nefti ilə yüklənmiş 4300 tanker Ceyhan terminalından yola salınıb.

Hasilatın başlanğıcından cari ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən çox AÇG səmt qazı Azərbaycana təhvil verilib.

AÇG layihəsinin əsaslı xərcləri bu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil edib.

1994-cü ildə AÇG layihəsi başlanandan cari ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləyiblər.

2017-ci il sentyabrın 14-də AÇG sazişinin müddəti 2049-cu ilin sonunadək uzadılıb.

Beynəlxalq səviyyədə AÇG layihəsinin uğuru Azərbaycandan gələn enerjinin strateji əhəmiyyətini əks etdirir. AÇG layihəsi qapalı hövzə olan Xəzər dənizindən dünya bazarlarına tamamilə yeni bir marşrut açıb. Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri AÇG layihəsinin həyata keçirilməsinin vacib və ayrılmaz tərkib hissəsidir.

Hazırda AÇG yatağından hasil olunan həcmin böyük hissəsi dünya bazarlarına bu boru kəməri vasitəsilə çatdırılır. BTC 3 ölkənin ərazisindən keçərək 1768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir. O, Azərbaycandan Gürcüstana keçərək Aralıq dənizinə çatır. Türkiyənin Ceyhan şəhərində yeni bir dəniz terminalı inşa edilib. BTC kəməri beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən bir marşrutdur və regionu əsas beynəlxalq enerji oyunçusuna çevirir.

BTC boru kəməri tranzit əraziyə malik ölkələr üçün xeyli gəlir gətirib, Azərbaycan, Gürcüstan, Türkiyə və qərb arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə kömək edib. BTC kəmərinin ötürücülük qabiliyyəti gündəlik 1 milyon barrel təşkil edən layihə gücündən hazırda sutkalıq 1,2 milyon barrelə qədər artırılıb. Bu günədək həmin boru kəməri vasitəsilə təxminən 3,3 milyard barrel (təxminən 440 milyon ton) xam neft Xəzərdən Aralıq dənizinə təhlükəsiz və etibarlı şəkildə nəql olunub.

Müqavilənin müddətinin uzadılmasının ardınca, bu il aprelin 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə sanksiya verilib. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.

AÇG layihəsi çərçivəsində bir platforma – “Çıraq” platforması yenidən qurulmuş, 7 yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilib, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb.

Bu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu olub.

AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var. Ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 ətraf mühitə təsirin qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.

Azərbaycandan qazın Avropaya ixracının başlanğıcını Avropaya öz karbohidrogen tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın şəxsində yeni bazar əldə etmək imkanı verəcək “Cənub Qaz Dəhlizi” qoyacaq.

Yeni bazarlara qaz ixracının təmin olunması çərçivəsində 2013-cü il dekabrın 17-də “Şahdəniz” qaz-kondensat yatağının 2-ci mərhələsinin işlənməsi üzrə yekun investisiya qərarı qəbul edilib. Həmin qərara əsasən, hər il 10 milyard kubmetr həcmində qaz Avropa bazarlarına, 6 milyard kubmetr qaz isə Türkiyəyə ixrac olunacaq.

Yatağın ikinci mərhələsinin işlənməsi çərçivəsində qaz Türkiyəyə və Avropa bazarlarına Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP-ın tikintisi yolu ilə ixrac olunacaq.

TAP-ın ilkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edəcək. Sonradan bu göstərici 20 milyard kubmetrə qədər artırıla bilər. Öz başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürən TAR-a qədər Azərbaycan qazı Türkiyə ərazisi ilə TANAP vasitəsilə nəql ediləcək. TANAP-a qədər isə qaz hazırda fəaliyyət göstərən və gələcəkdə genişləndiriləcək 700 kilometrlik Cənubi Qafqaz qaz kəməri ilə nəql olunacaq.

“Cənub Qaz Dəhlizi” çərçivəsində yaradılacaq qaz nəqliyyatı infrastrukturunun perspektiv imkanları gələcəkdə Azərbaycanın digər yataqlarından əlavə qaz həcmlərinin Avropa bazarlarına, eləcə də üçüncü ölkələrə ixracını təmin edəcək ki, bu da ölkəmizin ixrac və tranzit potensialının inkişafına öz töhfəsini verəcək.

“Əsrin Müqaviləsi”… Bu müqavilə ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özüldür.

Şərh əlavə et